Türkiyənin Vitse-prezidenti: Hədəfimiz bu əlaqələri daha da inkişaf etdirməkdir

16 Sentyabr 2019 00:36 (UTC+04:00)

Azərbaycanla siyasi və iqtisadi əlaqələrimiz çoxşaxəlidir. “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir. Hədəfimiz bu əlaqələri daha da inkişaf etdirməkdir.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib: “Azərbaycanda sabitliyin artması bizi nə qədər xoşbəxt edirsə, Türkiyədə olan əmin-amanlığın da azərbaycanlıları o qədər sevindirdiyini bilirik. İki ölkə olaraq biz birlik və bərabərlik içindəyik”.

Çox əlamətdar bir gündə Bakıda olduğunu söyləyən F.Oktay 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə əlaqələrində olduqca vacib yer tutduğunu qeyd edib. 1918-ci il hadisələrini xatırladan F.Oktay deyib: “O zamanlar Osmanlı dövləti üçün ağır olmasına baxmayaraq, Qafqaz İslam Ordusu Bakıya göndərilib. Bu gün də “Azərbaycanın çətinliyi var” deyilərsə, eyni hadisənin tərəddüdsüz təkrarlanacağına şübhə duymuram”.