Azərbaycanlı gəncdən böyük uğur - Qlobal idarəçi seçildi

20 Sentyabr 2019 16:15 (UTC+04:00)

Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.

Publika.az-a bu barədə məlumatı diaspor üzrə ekspert Elnur Eltürk verib.

“Müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb. Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2015-ci ildə Vikipediyada "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın idarəçisidir. 4 ildir ki, ”Vikipediya”da fəaliyyət göstərir. Əsasən Azərbaycan tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə status” alıb.

1998-ci ildə anadan olan Rüfət Rəhimov hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir”.

Qeyd edək ki, qlobal idarəçilərin sayı 20 nəfərdir. Rüfət Rəhimovun adı həmin SİYAHIDA gedir.