San Pauloda “Go to Eurasian markets” adlı təqdimat keçirildi - FOTO

30 Sentyabr 2019 23:45 (UTC+04:00)

Cari ilin 25 sentyabr tarixində, Braziliyanın San Paulo şəhərində yerləşən FİESP-nin (Federation of İndustries of the State of Sao Paulo) ofisində Azərbaycan, Belarus və Qazaxıstan səfirliklərin təşkilatçılığı ilə “Go to Eurasian markets” adlı təqdimat keçirilib.

Publika.az-a Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyindən verilən məlumata görə, səfir Elxan Poluxov ölkəmizin iqtisadiyyatı, investisiya və biznes mühiti, infrastruktur layihələri, dövlət tərəfindən aparılan müxtəlif sahələrdə islahatlara dair təqdimat ilə çıxış edib, həmçinin, ASAN Xidmətin fəaliyyətinə və Bakı-Tbilisi-Qars dəmir yoluna dair ətraflı məlumat verib.

Qonaqlara həmçinin AZPROMO - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun hazırladığı prezentasiya nümayiş etdirilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və ölkəmizin iqtisadiyyatını və mədəniyyətini təbliğ edən materiallar paylaşdırılıb.

80-dən artıq iş adamı və müxtəlif şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə, Belarus və Qazaxıstan Respublikaların Fövqəladə və Səlahiyyətli Səfirləri, Qazaxıstanın “Kazachinvest” və “Qazgeology” agentlik və şirkətinin yüksək vəzifəli nümayəndələri çıxış etmişlər. FİESP-ni bu tədbirdə Ticarət və xarici əlaqələr departamentinin baş direktoru c-b Thomaz Zanotto təmsil edib.

26 sentyabr tarixində Səfir Elxan Poluxov eyni mövzulu təqdimatı və AZPROMO-nun prezentasıyasını Rio de Janeyro ştatında fəaliyyət göstərən FİRJAN-nın (Federation of İndustries of the State of Rio de Janeyro) ofisində yerli iş adamlarına təqdim etmiş və verilən sualları cavablandırmışdır. Həmçinin təqdimat zamanı ölkəmizə aid materiallar da paylaşdırılmışdır. Tədbirdə FİRJAN-nı Beynəlxalq əlaqələr departamentinin direktoru, səfir Frederiko Araujo təmsil etmişdir.

Qeyd olunasıdır ki FİESP və FİRJAN Braziliyan sənayesinin əsas hissəsinin təmsilçilərini özündə cəmləşdirən təşkilatlardı və burada keçirilən tədbirlər yerli iş adamları tərəfindən böyük maraqla izlənilir.