Bakı görüşü və Türk dünyasının ZİRVƏSİ

16 Oktyabr 2019 14:27 (UTC+04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşü fonunda Azərbaycan Prezidenti İlham Əliyevin “XXI əsr türk dünyası əsri olacaq” sözləri yada düşür.

Türk Şurası adlandırdığımız bu əməkdaşlıq formatının yaradılmasından ötən 10 il keçir. 10 il öncə - 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda yaradılan TDƏŞ türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. 2012-ci ilin 25 avqustunda Bişkekdə keçirilən zirvə görüşündə 4 dövlətin bayrağının hər birindən bir element götürülməklə Türk Şurasının vahid bayrağı qəbul olunub: Günəş Qırğızıstan, ulduz Azərbaycan, aypara Türkiyə, rəng Qazaxıstan.

10 il öncə Türk Şurasının məhz Azərbaycanın qədim torpağı olan Naxçıvanda yaradılması tarix və gələcək strategiya baxımından təsadüfi deyil, xüsusilə işğalçı Ermənistan və tarix boyu onlara havadarlıq edənləri bu torpaqlara iddiaları olması baxımından.

Prezident İlham Əliyev VII Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə toxunaraq bildirdi ki, 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

Naxçıvan istər tarixi, istərsə gələcək mövcudluq baxımından türk dünyası üçün olduqca əhəmiyyətlidir. Türk Şurasının bu torpaqlara yaradılması da dünyaya mesajdır.

Prezident İlham Əliyev Zirvə görüşündə Zəngəzurun işğalı faktını ön plana çıxarması da təsadüfi deyildi. Çünki məhz Zəngəzurun erməni işğalında olması türk dünyasının quru əlaqəsini kəsən əsas halqadır, bu baxımdan, erməni işğalı həm də türk dünyasının problemidir.

Azərbaycan Prezidenti Ermənistan işğalına toxunaraq qeyd edib: “Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib. Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb olunur. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm”.

Azərbaycan liderinin bu çıxışı strateji hədəflərə hesablanmış bir neçə mesajı ehtiva edir:

- Zəngəzurun işğalı türk dünyasına vurulmuş zərbədir;
- Ermənistanın işğalçı siyasəti təkcə Azərbaycanın yox, ümumilikdə türk dünyasının problemidir;
- İşğalçı ilə əməkdaşlıq etmək istəyən müsəlman ölkələri reallığı unutmamalıdır;


10 il öncə Naxçıvanda yaradılan Türk Şurası böyük inkişaf yolu keçib və türk dünyasının əməkdaşlığı, yaxınlaşması istiqamətində əhəmiyyətli addımlar atılıb. TDƏŞ-in BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənib. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası yaradılıb və bu platformalar üzərindən türk dünyasının zəngin mədəni irsinin tədqiqi, maddi və mənəvi dəyərlərinin dünya səviyyəsində təbliği istiqamətində addımlar atılıb.

Türk Şurası fəaliyyət göstərdiyi müddətdə türkdilli dövlətlərin siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları, eləcə də digər sahələrdə əməkdaşlığının inkişafında mühüm rol oynayıb.

Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü həm də qurumun genişlənməsi baxımından da əhəmiyyətli idi. Artıq Türkmənistan və Özbəkistan da Şurada müşahidəçi qismində təmsil olunurlar. Bununla yanaşı, Macarıstan da qurumda eyni statusla iştirak edir. Bu, əməkdaşlıq platformasının genişlənməsi, beləliklə, türk dünyasının güclənməsi deməkdir.

Azərbaycan türkdilli ölkələrin dünya bazarına əsas çıxış qapısı kimi bu istiqamətdə əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir: “Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb... Biz enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Azərbaycan bu sahədə də öz imkanlarını təqdim edir. Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir”.

Zirvə görüşündə Türk Şurasına sədrlik Azərbaycana keçdi.

Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək”, - deyə bəyan edən Prezident İlham Əliyev qarşıdakı prioritetləri də açıqladı.

Bakı görüşü türk dünyası üçün olduqca əhəmiyyətlidir və perspektivdə “Türk İttifaqı”nın rəsmiyyətə keçməsi açıq görünür. Bu prosesdə Azərbaycanın ən əhəmiyyəti oyunçu olaraq iştirakı da diqqət çəkir.

Asif Nərimanlı