Əli Kərimli qarşıdurma yaratmaq planını işə saldı

16 Oktyabr 2019 18:00 (UTC+04:00)

“Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir”.

Bu, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun I maddəsində qeyd olunur. Həmin qanunun 7-ci maddəsində “Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər” də əlavə olunur.

Məhdudiyyətləri sadə sözlərlə ifadə edək:

1. Milli, yaxud ictimai təhlükəsizliyin mənafelərini qorumaq, iğtişaşların, yaxud cinayətin qarşısını almaq, digər vətəndaşların hüquq və azadlıqlarının qorumaq.
2. Toplantının yerini və vaxtını dəyişdirmək.
3. Qarşıya qoyulan məqsədlə mütənasib olmadıqda, yəni, sərbəst toplaşmaq üçün müvafiq orqanlara rəsmi müraciətdə göstərilənlərlə mitinq meydanında səsləndirilən şüarlar, o cümlədən, davranışlar bir-birinə uyğun gəlmədikdə.


Göründüyü kimi, qanun sərbəst toplaşmaq azadlığını tanıdığı kimi bunun məhdudlaşdırılması qaydalarını da özündə ehtiva edir.

AXCP sədri Əli Kərimli isə 19 oktyabr tarixinə təyin etdikləri mitinqin 28 may metrostansiyasının qarşısındakı meydanda keçirməyə icazə verilməməsini Konstitusiyanın pozulması kimi təqdim edir. Halbuki, Milli Şuranın mitinq tələbinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib. Bu, ölkədə sərbəst toplaşmaq azadlığının təmin edilməsinin real nümunəsidir, Əli Kərimli isə iddia edir ki, mitinqin yeri dəyişdirilə bilməz və bunun dəyişdirilməsi qanunun pozulmasıdır. Onun istinad etdiyi qanunun 7-ci maddəsində açıq şəkildə ifadə olunur ki, “toplantının yeri və vaxtı dəyişdirilə bilər”. Əli Kərimli ya qanunu bilmir, ya da qanun ona sərf etmir.

Mitinq məkanı kimi Lökbatan qəsəbəsinin təklif edilməsi də yenə istinad etdiyimiz qanunun müvafiq maddəsində qeyd olunduğu kimi, “digər vətəndaşların hüquq və azadlıqlarının qorunması” məqsədi daşıyır. Milli Şuranın istədiyi meydan insanların sıx hərəkət etdiyi yerlərdəndir, bununla yanaşı, 28 May metrostansiyası “Bakı Metropoliteni”nin stansiyaları arasında sərnişinlərin ən çox istifadə etdiyi stansiyalardandır. Mitinqin burada keçirilməsinə icazə verilərsə, bu, faktiki olaraq, digər vətəndaşların hüquq və azadlığının pozulması deməkdir.

Əli Kərimli nə qanunlara, nə də vətəndaşlara hörmət edir. Bildirir ki, Lökbatan getməyəcəklər, 19 oktyabrda 28 May metrostansiyanın yaxınlığında mitinq keçirəcəklər.

Bu, ölkədə iğtişaş və qarşıdurma yaratmaq cəhdidir. Milli Şuranın 8 oktyabrda keçirdiyi piketdə belə qarşıdurmanın yaradılması müşahidə olundu. Piket təşkilatçıları qanunla göstərilmiş yerdə toplaşmaq əvəzinə insanların sıx hərəkətinin olduğu səkilərdə və digər küçələrdə toplaşaraq, rəsmi müraciətlərinə qeyd etmədikləri şüarlara və davranışlara əl atdılar və beləliklə, qanunu nümayişkəranə formada pozdular. O cümlədən, asayiş keşikçilərinə hücumlar oldu.

Əli Kərimlinin 19 oktyabr mitinqini təklif olunan yerdə yox, istədikləri yerdə keçirməkdə israrlı olduqlarını açıqlaması da paytaxt küçələrində yeni qarşıdurmanın yaradılması planlarından xəbər verir.

- Mitinq günü müxtəlif istiqamətlərdən əraziyə gələcək, “qələbəliyi” təmin etmək üçün həmin ərazidəki vətəndaşları da mitinq iştirakçı kimi göstərən fotolar çəkdirəcək, 8 oktyabr piketində olduğu kimi qarşıdurmaya gedəcək, asayiş keşikçilərinə mənəvi və fiziki hücumlar edəcək və beləliklə, xaos yaratmağa çalışacaqlar.

Təcrübə Əli Kərimlinin ssenarisinin belə olduğunu deməyə imkan verir və bu qarşıdurmada nə qədər çox gənc qanunu pozaraq, saxlanılsa, o, bir o qədər xal qazanacaq.

Sual yaranır: gəncləri qanunları pozmağa sövq edən Əli Kərimlinin Londonda cəbhəçilərin təbirincə desək, “şeyxlər kimi yaşayan” gənc oğlu niyə mitinqə gəlmir?

Niyə Başqalarının övladlarının qanunları pozmasına və həbs olunmasına zəmin yaradan AXCP sədrinin özü və yaxınlarının bir dəfə də olsun burnu belə qanamır?

Cavab sadədir, bütü bu çağırışlar, qarşıdurma yaratmaq cəhdləri Əli Kərimlinin daha çox siyasi və maddi qazanc əldə etməsinə hesablanıb. Bu baxımdan, onun 8 oktyabr piketində olduğu kimi, 19 oktyabrda keçirmək istədikləri qanunsuz mitinqini də evindən izləyəcəyi istisna deyil.

Budur, Əli Kərimli qanunlara tabe olmur, cəmiyyətə və digər vətəndaşların hüquqlarını tanımır, qarşıdurma və xaos yaratmaq planları qurur və bütün bu planlardan qazanclı çıxmaq üçün gəncləri “tramplin” kimi istifadə edir, öz övladı isə Londonda lüks həyat yaşayır. Artıq onların qanun qarşısında cavab verməyinin zamanı çatıb!

Asif Nərimanlı