Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi - FOTO

25 Oktyabr 2019 22:16 (UTC+04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Singapurun Müdafiə və Xarici İşlər üzrə Baş dövlət katibi Mohamad Maliki Bin Osman ilə görüşüb.

XİN-dən Publika.az-a verilən məlumata görə, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan siyasi və iqtisadi əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər. Azərbaycan ilə Sinqapur arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə toxunan tərəflər, qarşılıqlı faydalı əməkdaşlığın açdığı bütün bu imkanlardan daha səmərəli şəkildə istifadə edilməsi üçün beynəlxalq təşkilatlar və forumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Sinqapurla Azərbaycan arasında ikitərəfli iqtisadi-ticari əməkdaşlığın müsbət məcrada inkişaf etdiyini qeyd edən Dövlət katibi, Sinqapur şirkətləri ilə Azərbaycan şirkətləri arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olmasını məmnunluqla dilə gətirib və ölkələr arasında mövcud olan perspektivlərdən faydalanmağın, bu xüsusda İKT və s. sahələrdə təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini vurğulayıb.

Öz növbəsində nazir Elmar Məmmədyarov Sinqapurun Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, ikitərəfli əməkdaşlığa əlavə təkan verilməsi üçün müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Sonra Sinqapur rəsmisi Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair əminliyini ifadə edib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bundan başqa Xarici İşlər naziri Elmar Məmmədyarov Küveyt Dövlətinin Baş nazirinin müavini, Xarici İşlər naziri Sabah Xalid Al Hamad Al Sabah ilə görüşüb. Nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Azərbaycanı Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən Sabah Xalid Al Hamad Al Sabah XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Görüş zamanı ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirildi və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyi vurğulanıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Eyni zamanda Xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspor naziri Ayman Safadi ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Nazir A.Safadi Qoşulmama Hərəkatının Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. Görüşdə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər ətraflı şəkildə müzakirə olunub. Tərəflər, həmçinin Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.