Avropaya köçən azərbaycanlı xanımların əksəriyyəti niyə boşanır? - ŞOK FAKTLAR (MÜSAHİBƏ)

5 Noyabr 2019 17:00 (UTC+04:00)

Azərbaycan gerçəklərini, ağrılarını, mədəniyyətini, bütövlükdə Azərbaycan adlı məmləkəti qürbət ellərdə tanıtmaq hər bir azərbaycanlının borcudur. Bu gün bütün dünyanı, eləcə də Avropanı öz yalanlarına inandırmağa çalışan və çox zaman buna nail olan erməni lobbisi ilə mübarizə aparmaq xaricdə yaşayan soydaşlarımızın əsas vəzifəsi olmalıdır.

Publika.az 15 ildir ki, ölkəmizin maraqlarını qoruyan Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovla bu və digər məsələlər barədə həmsöhbət olub.

- Sahil bəy, neçə ildir Avropadasınız, avropalısınız?

- 90-cı illərin əvvəllərində sovet hakimiyyəti yenicə dağılmağa başlayırdı. Həmin dövrdə Avropaya köçənlərin sırasında mən də omuşam. Şəxsi turizm şirkətimi açdım. O gündən bəri də fəaliyyət göstərir. 26 ildir ki, Avropada məskunlaşmışam. Bu müddətin böyük hissəsini Niderland Krallığında yaşamışam. Hazırda isə Avropanın siyasi paytaxtı Brüsselə köçmüşəm. Çünki Avropa Azərbaycanlıları Konqresinin mənzil qərargahı Brüssel şəhərində yerləşir. Bu isə Avropadakı siyasi institutlarla birgə iş planı qurmağımız, əməkdaşlıq etməyimiz üçün çox əlverişli seçimdir. Ümumiyyətlə lobbiçilik fəaliyyətimiz daha çox Belçika, Niderland və Lüksemburqu əhatə edir.

- Avropada ən az bir şirkət qurmaq, yaşamaq asan məsələ deyil. 26 il ərzində yeni mühitə, fərqli cəmiyyətə necə adaptasiya oldunuz?

- İstənilən Avropa ölkəsində məskunlaşmaq, cəmiyyətinə adaptə olmaq hədsiz çətindir. Çünki tam başqa bir mədəniyyətdən, adət-ənənələrdən gəlirsən. Dini, dili və digər dəyərləri yad millətlə üz-üzə qalırsan. Sənədlərin leqallaşmasından tutmuş, güzəranın təmin edilməsinədək bütün məsələlərin həlli olduqca böyük zəhmət tələb edir. Əslində soydaşlarımızın Avropaya axınını 3 mərhələyə bölmək olar. Sovet İttifaqı dağılandan sonra gələnlər, 2000-ci ildə və elə günümüzdə mühacirət edənlər. Ümumiyyətlə, hazırda Avropaya mühacir axını o qədər artıb ki, bu siyahı İkinci Dünya müharibəsi dövründə Avropaya qaçanlardan da çoxdur. Buraya həm də ərəb və Afrika ölkələrindən, Əfqanıstandan, Suriyadan pənah gətirən qaçqınlar daxildir.

- Təbii ki, axın edən mühacirləri heç kim qucaq açaraq qarşılamır.

-Tamamilə doğrudur. Hətta sığınacaq alan şəxslər də tezliklə ümidsizliyə düçar olurlar. Gözləntiləri doğrulmur. Çünki gələnlər düşünürlər ki, ən çətini oturum sənədi alanadəkdir. Lakin ən böyük məsuliyyət də ondan sonra başlayır. Ən azı kurslara gedib dil öyrənmək vacibdir. Sadə bir misal çəkim, Azərbaycan və digər ölkələrdən gələn diplomlar burada keçərli deyil. Ən azı yeni peşəyə sahib olmaq lazımdır. Müəyyən yaşa çatdıqdan sonra isə insanlarda buna nə maraq, nə də həvəs qalır. Ən azı sənədlərin leqallaşması bəzən 15 il çəkir. 40-45 yaşlı şəxs üçün gənclik tempinə geri dönmək mümkün olmur. Hətta deyərdim son vaxtlar soydaşlarımızın Avropada boşanma halları olduqca artıb.

- Maraqlı məqamdır. Səbəbini izah edə bilərsinizmi?

- Avropaya gələn qadın hər mənada müstəqillik əldə edir. Maddi vəziyyəti də stabilləşir. Hətta işləməsələr belə dövlətdən yardım alırlar. Bu isə ayda 700-800 avroya bərabərdir. Maddi azadlıq, avropalıların yaşayış tərzi qadınlarımızın təfəkkürünə də təsir edir. Bu mühitə uyğunlaşmağa çalışırlar. Sadəcə asudə olmaq istəyirlər. Rəfiqələri ilə birgə qonşu ölkələri gəzmək, ən azı axşamlar dostları ilə birgə restorana getmək istəyirlər. Bu isə mental dəyərlərimizlə uzlaşmadığı üçün ailədaxili problemlərə, boşanmalara yol açır. Hətta bəzən evin xanımı ilə uşaqları Avropaya öncə köçürlər. 5-6 ildən sonra həyat yoldaşı da onların yanına gələndə, avropalaşmış ailə üzvləri ilə fikir ayrılığı yaranır. Baxın, mən hələ ən sadə məişət problemlərini sadalayıram.

- İki ildir ki, Avropa Azərbaycanlıları Konqresinin prezidenti vəzifəsində çalışırsınız. Konqresin 15 illik yubileyi münasibətilə sizi təbrik edirəm. Bu quruma gəlişinizdən danışaq..

- Minnətdaram. Bəli, Konqres 15 il öncə təsis olunub. Məndən öncə də bu vəzifədə hörmət bəslədiyim həmvətənlərimiz çalışıb. Mənim gəlişim isə 2 il öncəyə təsadüf edir. Artıq iki ildir ki, baş qərargahımız Berlin şəhərindən Avropanın siyasi paytaxtı sayılan Brüsselə köçürülüb. Avropa Azərbaycanlıları Konqresi, ətrafında 100-dən çox təşkilatı birləşdirir. Bu isə 40-dan çox Avropa ölkəsini, ümumiyyətlə, Avrasiyada fəaliyyət göstərən mühüm Azərbaycan təşkilatları deməkdir. Əsasən lobbiçilik fəaliyyəti ilə məşğuluq. Prezidentliyim dövründə mühüm görüşlər, müzakirələr keçirmişik. ATƏT-in Varşava ofisində, Helsinkidə yerləşən Finlandiya parlamentində, onlarla siyasi baxımdan mühüm şəhərlərdə görüşlər təşkil etmişik. Azərbaycanın Qarabağ dərdi, xalqımıza qarşı baş alıb gedən haqsızlığa son qoymaq məqsədilə əlimizdən gələni edirik.

- Sizcə, fəaliyyətiniz boyu ən böyük uğurunuz hansı olub?

- Bu günədək müxtəlif həcmli tədbirlər, əsasən etiraz aksiyaları həyata keçirmişik. Bu tədbirlərin çoxu Brüssel və Berlində baş tutub. 2017-ci ildə Brüsseldə silsilə konfranslar keçirdik. Əsas mövzu separatizm idi. Təkcə Azərbaycanın Qarabağ məsələsini deyil, Ukraynanın, Moldovanın, Gürcüstanın, İraqın əsas problemlərini müzakirəyə qoyub, həmin ölkələrdən nümayəndə heyəti, hətta eks prezidentləri dəvət etdik. Bu dəfə biz danışmadıq. Çünki uzun illərdir ki, səsimizi çatdırmaq üçün çalışırıq. Bizim əvəzimizə Avropa ekspertləri, siyasətçiləri fikirlərini söylədilər.

- Konqres hansı qurumlardan maliyyələşir? Ümumiyyətlə, maliyyə dəstəyiniz varmı?

- Maliyyə dəstəyimiz yoxdur. Çətinliklə də olsa özümüz xərclərimizi ödəyirik. Brüsseldəki baş mənzil qərargahımız mənim maddi dəstəyimlə ayaqda durur. Bu, çətin prosesdir. Hətta xarici görüşlərə gedəndə, nümayəndə heyətimizin üzvləri xərclərini özləri ödəyirlər. Bu gün Avropada bizimlə qarşı-qarşıya böyük Ermənistan lobbisi dayanıb. Avropa Erməniləri Konqresinin əlində böyük resurslar var. Onlar üçün çalışan banklar, fondlar fəaliyyət göstərir. Bilirsiniz vətənin təbliğatı vətənpərvərliklə bitmir. Maliyyə dəstəyi, əlaqələr də böyük şərtdir. Avropada güclü diaspora yaratmaq üçün böyük maddi vəsait tələb olunur. Bunu da yalnız biz həyata keçirə bilmərik. Təbii ki, 200 illik erməni diasporu ilə müqayisədə biz çox gəncik. Onların Avropada artıq beşinci, altıncı nəsilləri böyüyür. Yüksək vəzifələrdə, parlamentlərdə çalışırlar. Təbii ki, böyük tədbirlər keçirəndə, dövlətimizin də dəstəyi olur. Lakin sevinirik ki, artıq Avropada yaşayan soydaşlarımız öz mövqelərini gücləndirlər.

- Şübhəsiz ki, Avropada yanlış təbliğat getdiyi üçün aqressor ölkə kimi daha çox Azərbaycanı tanıyırlar. Erməni lobbisi, Konqresi ilə mübarizə aparmağa cəsarətimiz varmı? Və bu proses hansı mərhələlərlə baş verir?

- Bu gün Avropada erməni lobbisinin önündə dura biləcək yeganə qüvvə Avropa Azərbaycanlıları Konqresidir. Ermənilərin planlaşdırdıqları bütün proqramı pozmaq imkanımız var. Bu isə dəfələrlə baş verib. Avanisyan adlı bir rejissorun çəkdiyi “Hərb və sülh zamanının insanları” adlı film Avropanın bir çox festivalında nümayiş olunacaqdı. Film artıq nominasiyaya daxil olmuşdu, mükafat alacaqdı. Amma bizim müdaxiləmizdən sonra onu nəinki festivallardan uzaqlaşdırdılar, həmçinin nominasiyalardan da məhrum oldu. Filmin mövzusu Qarabağ müharibəsində şikəst olmuş erməni döyüşçüsünün gündəlik həyatı idi. Hətta rejissor gecə yarı mənə zəng vurub yalvardı ki, filmin nümayişinə olan etirazımızı geri götürək. Lakin mən imtina etdim. Sonradan film Amerika festivallarına təqdim edildi. Amerikadakı soydaşlarımızla məsləhətləşib orada nümayişin baş tutmamasına nail olduq. Bir məqamı da xatırladım. Yaxınlarda Avropanın bütün supermarketlərində erməni istehsalı olan “Artsax” adlı qida maddələri satılırdı. Bu məsələni də Haaqadakı səfirliyimizlə birgə qloballaşdırmağa nail olduq. Çox keçmədi ki, həmin məhsul bütün supermarketlərdən qaldırıldı. Bəli, bütün planlarını pozuruq. Amma Cənab Prezidentimizin də dediyi kimi, biz artıq müdafiə üsulundan hücuma keçməliyik. Çünki onlar strategiyamızı müəyyənləşdirə bilirlər. Gözəgörünməz müdafiə gedir. Burada dini faktor var. Avropa ölkələri aqressor Ermənistanı xristian olduğu üçün özlərinə daha yaxın hesab edirlər. Lakin biz ruhdan düşmürük. Hətta ali məktəblərdə oxuyan tələbələrimiz belə onların yalanlarını ifşa etməyə nail olurlaar.

- Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edirsinizmi?

- Bildiyiniz kimi, Komitədə rəhbərlik yenilənib. Lakin diaspor təşkilatlarının fəaliyyətində və onların koordinasiya olunmasında vəziyyət eyni qalıb. Əksinə fəaliyyət bir az da zəifləyib. Avropada və dünyada olan təşkilatların işində passivlik müşahidə olunur. 2018-ci ilin II rübündən bəri irimiqyaslı beynəlxalq tədbirlər təşkil olunmur. On illərlə öz sözünü demiş, yaşadıqları ölkələrdə geniş əlaqələrə malik olan diaspor təşkilatları diqqətdən xeyli uzaqda qalır, pərakəndə və individual şəkildə fəaliyyət göstərir ki, bu da ümumi işimizə zərər verir. Diasporla İş üzrə Dövlət Komitəsi vətənini və torpağını sevən, Dövlət atributlarımıza hörmət edən hər bir azərbaycanlıya qucaq açmalıdır.

- Soydaşlarımızın problemi olanda sizə müraciət edirlərmi? Mühacirətdə yaşayan həmvətənlərimizin daha çox hansı dərdlərinə əlac tapırsınız?

- Daha çox işsizlik problemi ilə müraciət edirlər. Təşkilatımız bu mövzuda yardımını əsirgəmir. Lakin ən böyük problem qürbətdə dünyasını dəyişən soydaşlarımızın yerli müsəlman qəbristanlıqlarında dəfn edilməsi və ölkəyə gətirilməsidir. Sadaladığım ikinci məsələnin on min avrodan çox xərci var. Burada isə çoxunun ölüm sığortası yoxdur. Avropada dəfn edilmək, torpaq icarəyə götürmək bahalı prosedurdur. Məsələn, qardaş Türkiyənin qürbətdə yaşayan soydaşları vəfat edərsə, Dəyanət Vəqfi xərcləri öz üzərinə götürür. Bizdə isə hələ ki, belə bir təşkilat yoxdur. Güman edirəm qarşıdakı illər ərzində xalqımız nəinki Avropada, dünyada güclü xalq kimi tanınacaq, torpaqlarımızı işğaldan azad edəcək.