Azərbaycanda fermaya basqın etdilər – 8 inək apardılar

21 Noyabr 2019 19:30 (UTC+04:00)

Şəmkirdə 8 baş inək oğurlamış dəstə üzvləri tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 19-da saat 3 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisindəki fermaların birindən 8 baş inəyin oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Fermanın gözətçisi izahatında şəxsiyyəti məlum olmayan 4 nəfərin ona hədə-qorxu gələrək inəkləri aparmasını bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğun Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Vəliyev tərəfindən bir qrup şəxslə birgə törədilməsi müəyyən edilib. Araşdırmalarla o da müəyyən edilib ki, onlar oğurlanmış inəkləri Tovuz rayon sakini F.İbrahimova satmış, sonuncu isə heyvanları həmyerlisinə məxsus “QAZel” markalı avtomobilə yükləyib aparıb. İnəklər tapılaraq sahibinə qaytarılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Vəliyev və qrupun digər üzvləri - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Sinisin və R.Moskalyov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.