Azərbaycanda İNANILMAZ HADİSƏ: baldız böyrəyini gəlinə verdi

7 Yanvar 2020 14:18 (UTC+04:00)

Respublika Diaqnostika Mərkəzinin (RDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsi tərəfindən 2019-cu ildə həyata keçirilən son böyrəkköçürmə əməliyyatı əlamətdarlığı ilə qeyd olunub.

Publika.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, klinikaya müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb. Uğurlu əməliyyat urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə icra olunub.

"Pasiyentimiz uzun müddət idi ki, əziyyətli hemodializ senasları alırdı. Bu da orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü. Ona təcili böyrək köçürülməli idi. Qohumları arasında nəticəsiz uyğun donor gözləmələrinin sonunda kömək əlini baldızı uzatdı. Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğunu aşkarladıq və o da heç tərəddüd etmədən öz böyrəyini bağışladı. 2019-cu ildə son böyrəkköçürmə əməliyyatımız da uğurla keçdi, köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Hər iki pasiyent evə sağlam şəkildə yazıldılar. Bu əlamətdar hadisə ailələrin bütün üzvlərini bir daha doğmalaşdırdı və Yeni ili daha sağlam və gümrah qarşılamaqlarına səbəb oldu!" deyə şöbə müdiri, Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan qeyd edib.