Şəhid pilotun ailəsində niyə “eşələnirsiniz”?

13 Yanvar 2020 13:45 (UTC+04:00)

Aynur Camalqızı

Dünən sosial şəbəkədə təsadüfən bir məqam gözümə sataşdı. Araşdırdım, məlum oldu ki, bir neçə gündür bəzi xəbər saytları, Yutub kanalları və böyük FB səhifələrində məsələ ilə bağlı “qızğın” müzakirələr gedir. Baxmağa, sonadək dinləməyə çalışdım, 3 dəqiqədən artıq qulaq asa bilmədim. Təəssüf edirəm ki, o xəbərləri yayan və müzakirəyə çıxaranlar arasında həmkarlarım, hətta dostlarım da var. Məsələ nədir?

Aprel döyüşlərində həlak olan pilotumuzun - Şəhidimizin ailə üzvlərinin məişət səviyyəli söhbətləri ictimailəşdirilir. Bununla da kifayətlənməyib, mövzu ilə bağlı uzun-uzadı, dilə gətirilməsi mümkün olmayan müzakirələr açıblar…

Dostlar, qardaşlar, bacılar, o mövzular mediaya çıxarılmalı və müzakirə olunmalıdır ki, onun ictimai əhəmiyyəti və ya ictimai mesajı olsun. Şəhid ailəsində gəlin-qayınana mübahisəsi, iki qadın arasında “günahkar” axtarmaq sizəmi qaldı? Tabu deyilən bir şey var. O deməkdir ki, müvazinətli toplumlar öz-özü üçün qadağalar müəyyənləşdirir, beyinləri zəhərləyən və özünə, millətinə hörməti azaldan informasiyaların şüurlara ötürülməsinə çalışmaz.

Milləti millət edən, insanı insan edən dəyərlər var. Toxunulmazlar var! Hündür binalarda olduğu kimi. Elə sütunlar var ki, əl vursan, bircə daşı çəksən, bina çökər. Şəhidlərimiz də bizim toxunulmazımızdır, dəyərimizdir, müqəddəsimizdir. Ona necə dil uzatmaq, ruhunu necə incitmək, ağrıtmaq olar? Bunu niyə edirsiniz: şou üçün, reytinq üçün, oxucu-tamaşaçı üçün?

Nə qədər iyrənc görünür, bilirsinizmi? Televiziyaya necə gedib çıxır bu biabırçılıq? Şəhid anasını Şəhidin həyat yoldaşına, yəni Şəhid balalarının anasına qarşı necə yönləndirici suallarla danışdırıb yayır, sonra da gəlinə “cavab haqqı”nı necə “tanıya” bilirsiniz? Açıb-büküləsi söhbət deyil axı; düşmən də izləyir, baxır, görür axı bizi! Şəhidlər axı bir ailənin deyil, bir ananın övladı, bir uşağın atası, bir qadının əri deyil. Şəhidlər millətindir, dövlətindir, bizim hamımızındır. Mənim, sənin, onun... hamımızın atamızdır, qardaşımızdır, balamızdır, canımızdan bir parçadır. Genetik anlamda ailəsi onun dəyərini anlamayanda toplum sahib çıxmalıdır Şəhidinə, balasına, ciyərparasına. Hanı sizin sahiblənmə anlayışınız, hanı sizin Vətən sevginiz, hanı sizin ləyaqət və mənəviyyatla bağlı baxışlarınız? Hanı bizim əsrlərin sınağından keçən mədəniyyətimiz, əxlaqla bağlı genetik kodlarımız? Şəhidin dul qalan xanımına atmaca atanlar... siz də bu toplumdansınız?

O qadının hədd-büluğa çatmaqda olan 2 oğlu var, onların psixi durumunu da nəzərə almırsınız?

Bizi, sizi beləmi öyrədiblər, biz kitablardan nələri oxumuşuq, nələri öyrənmişik?

Şəhidin, Qəhrəmanın dul qalan qadını başımızın tacı, ismət-namus mücəssəməsi sayılmayıbmı? Şəhidin dul qalan qadını bir saçını ağ, bir saçını qara hörüb, Dağ kimi oturmayıbmı evlərində, yurdlarında, balalarının başının üstündə? Belə bilmədikmi, belə oxumadıqmı, belə eşitmədikmi?

Belə də bilək, belə də öyrədək, belə də yazaq!

Yazılan qalır. Deyilən çatır Allaha, kainata, göylərə, kosmosa… Şəhidlərimiz də duyur, görür, eşidir.

Şəhidlər bu xalqın ən Diri övladlarıdır. Öldürməyin onları... Etməyin... Gölə qarğı sancmayın... Bu atdığınız daşlar sabah üstümüzə qayıdacaq...

P.S. Mənə çox maraqlıdır, dəyərlərimizə təhdid olan bu yazılar, videolar aidiyyəti dövlət orqanlarının “gözündən” necə qaçır? Axı haqqında yüngül bir tənqid yazılan orta ranqlı məmura (bəzən orta ranqdan da aşağı) görə ən azı 10 yerdən zəng gəlir ki, silin, media biliciləri, ağsaqqallar ortaya çıxır ki, yığışdırın, etməyin! Şəhidlərimizin yiyəsi-sahibi yoxdur? Onların aşağılanmasını, adlarının xoşagəlməz söhbətlərdə hallanmasını niyə görmürlər?..