Sən də bizi ölü san

22 Yanvar 2020 18:12 (UTC+04:00)

Leyla Sarabi

Qadın gərək özündən törəyənlərdən savayı azı bir nəfərə ürəyinin şah damarından barmağının ucunadək analıq etsin. Sancısını çəkmədikləri də ölən günü gedişinə alışsınlar, anam getdi desinlər.

Qadının ən vəhşi missiyasıdır analıq. Sonsuz olsa da, anadır. Ən körpəlikdən, lap doğulandan anadır.

Torpağa batana qədər borc içində üzür qadın. Sənə bir borc, mənə beş borc, nisyə dəftərini sildirmədən qaçır qadın.

Anam məni bu yaşımda atmayaydı. Bəs mən onsuz...bəs bacım tək qalacaq? Hələ atam ağac kötüyü kimi qurulacaq. Amma anam sağ olsaydı, evdə yoxluq gözümüzü oymazdı.

Hara qaçdın, anacan?! Mənim sənsiz yetim qalan yaşım deyil. Yasındakı sənsizliyi də danışmaqçün təkcə səni gəzir əllərim. Sən ki, məni əllərimin nəfəsindən anlayırsan.

Oğlum mənə sual verir - Bircə demə, mən sənin bətnində olanda, orqanlarının içində böyümüşəm. İncimə, çox ürpənərəm.

Ah anacan, gör nə vaxtır, torpağın bətnindəsən, heç ürpənirsən? Hamının hər şeyindən yorğun düşüb koş mürgüyə dalanda, başımın üstündə səksəkədən heç yatmayan ürəyinə oyanıram.

O səksəkə marşın nə mənim, nə qızının, nə də ərinin addımlarını axsamağa qoyur.

Kaş ki, məni bu xarlamış dünyaya sən gətirməzdin. Nə doğub basdırdığın körpəni, nə bacımı 9 ay orqanlarının içində bəsləməzdin. Atamı da tanımazdın. Nə ərə getmək, bu ölkədən yad nöqtədə, elə Avstraliyanın çat vuran dodağında yaşayardın. Dərdin də külə dönmüş koalalar, kenqurular olardı. Canım cəhənnəmə. Mən də zəhmət çəkib heç gəlməzdim buralara. Yaşayardın qadın kimi, qəhqəhənlə küçələri titrədərdin. Həyatını ona görə vurub, buna xatir bölməzdin. Abramoviç olardın, kenqurunu övladlığa götürərdin. Ürəyin tısbağa addımları kimi aram-aram, tələsmədən, yaz yağışı ritmi ilə döyünərdi...sürünərdi.

Evindəki xaosu da, həyətinin solan çiçəklərini də unut, qadın. Səni müqəvva kimi qaranlıq otağımızda çürütmürük.

Bizi yoxdan var edib, sonra da öz nəzəriyyəsini yandıran yaradanın varlığını rədd edirəm. Amma sənin göz önümdə yaşadığın cəhənnəmin eşqinə, indi cənnətə büründüyünə aldanmaq istəyirəm. Elə istəyirəm ki, balaca bir işarə versən, ömrüm boyu kilsələrə qapanaram.

Anacan, ölüm ayağını kəfəninə görə uzatmır. Əslində illüziya həyatımızın ən gerçək, ən canlı orqanizmi elə ölümdür. Dələduz məmurun nadan balası kimi ipimizi barmağına keçirdib, marionet məsəli oynadır, oynadır, yerə çırpır, göyə vurur, cana doyur, oyuncaq maşının altına atıb xıncımlayır. Parayıb yapışqanla birləşdirir. Həzz yeri axsamağa başlayır yenə. Yamaq ömrümüzü atır dəmirin ağzına. Özü də fərqinə varmadan, didik-didik canımızın zaman qəfəsini qırır.

Mən ki, şüşə kimi anlayıram, bu kainatda ölü olmayan hər nə varsa ölümdən doğulanlardır. Ölüm ancaq özündən olmayanları yıxır, əzir, bükür, ən qəddar eşqlə sevir, xortumuna çəkir sonunda. Gah zibilin də ovucundan qaçdığı kitab qarını sazaqda unudur, gah da kiminsə südəmər balasını əlindən alıb Spartaya yollayır. Belə natarazdır, narahatdır ölüm.

İndi mənə ay kimi aydındır, anacan, ən təbii ehtiyacdır ölüm.

Mən bu dünyaya alim olub tökülsəydim, mütləq ki, ölümün ayrı fikir yumurtasından törəyən əkizini yaradardım. 3-4 canlı hüceyrəsini nəfəs dəyməyən bakirə torpaqlara basdırıb, bütün kainatı razı salardım. Qapı-qapı, otaq-otaq gəzərdim. Ağrı çəkən, əzab yeyən hər qadına qələm verib, hərəsinə bircə-bircə ölüm hekayəsi yazardım. Vicdanına tüpürdüyüm ölümə inad, şərtləri də pambığa tay qoyardım.

Amma mən çox cahiləm. Torpağın bol olsun, yad qadın. Sən də bizi ölü san. Cənnət toxumları səp bağçana.