Bu, Azərbaycanın iqtisadi strategiyasında yeni pillə olacaq - Aydın Quliyev

22 Yanvar 2020 16:07 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı, burada da dünyanın ən məşhur şirkət rəhbərləri ilə ikitərəfli görüş artıq ənənəvi fəaliyyət formatlarından birinə çevrilməkdədir.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərinə münasibət bildirərkən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev səsləndirib.

Davos Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışan baş redaktor sözlərinə belə davam edib: “Davos Forumu çərçivəsində iştirak etmək, orada ikitərəfli əlaqələr kontekstində danışıqlar aparmaq və çoxtərəfli formatda müəyyən platforma müzakirələrdə iştirak etmək sözsüz ki, Azərbaycan üçün çox əhəmiyyətlidir. Unutmaq olmaz ki, bu gün dünyanın 5 yüz milyard dollardan artıq sərvətə malik olan 100-dən artıq milyarderi həmin tədbirdə iştirak edib. Burada dünyanın ən məşhur şirkətləri, dövlətləri təmsil olunur. Hətta 50-dən artıq dövlətin başçısı şəxsən bu tədbirdə iştirak edir. Həm də illərdir ki, biz bu format çərçivəsində Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərin Azərbaycan üçün praktik əhəmiyyət verdiyinin şahidi oluruq. Konkret detallara varmadan demək olar ki, ölkə başçımızın hər dəfə bu forumda işdirakı köhnədən mövcud olan müəyyən məşhur şirkətlərin investisiyalarının artımında və hətta yeni böyük şirkətlərin Azərbaycana investisiya qoymaq üçün maraq göstərdiyinin şahidi oluruq. Davos forumunda iştirak bir növ Azərbaycana xaricdən investisiya axınını sürətləndirən bir platformadır. Nəzərə alsaq ki, ölkəmizdə qeyri-neft sektoru artıq inkişaf edir və bu inkişafın dünyanın məşhur şirkətlərinin cəlb etmək üçün çox böyük potensialı var”.

Aydın Quliyev Davosda iştirakın qeyri-neft sektoruna təsirindən də danışıb: “Prezidentin Dünya İqtisadi Forumunda həyata keçirdiyi görüşlərin ilk növbədə qeyri-neft sektoruna xaricdən investisiya axınını sürətləndirəcəyi şübhəsizdir. Eyni zamanda forum çərçivəsində Azərbaycan Prezidentinin fəaliyyəti ölkənin mövcud imkanlarının dünya üçün təqdimatı nöqteyi-nəzərindən də əhəmiyyətlidir. Yəni dünya birbaşa Prezidentin dilindən ölkəmizin hansı potensiala malik olduğunu eşidir. Buraya aqrar, sənaye, enerji və qeyri-neft sektoru kimi önəmli məsələlər daxildir. Həm də ölkəmizin hansı dəhlizlərin mərkəzində yerləşdiyi barədə təfsilatlı məlumat ala bilirlər. Təsadüfi deyil ki, forumda Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu bir neçə dəhliz çox böyük maraqla qarşılanıb və bunun ətrafında müzakirələr aparılıb. O cümlədən 2017-ci ildə Əfqanistanla birlikdə Azərbaycanın həyata keçirməyə başladığı nəqliyyat dəhlizi barədə məsələnin müzakirəsinin forum çərçivəsində çox maraqla qarşılandığı artıq faktdır. Davos Forumunda bir daha görülür ki, Azərbaycanın xüsusilə nəqliyyat, enerji və logistika mərkəzi olmaq baxımından çox böyük imkan və potensialları var. Bunun da böyük bir hissəsini Azərbaycan hərəkətə gətirdi”.

Tağı Həsənov