Azərbaycan vətəndaşlarına ölümcül virusla bağlı MÜHÜM XƏBƏRDARLIQ

24 Yanvar 2020 17:00 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, 2019-cu ilin dekabr ayında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanmış və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilmişdir.

Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin 24 yanvar 2020-ci il tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla 830 nəfər sözügedən virusa yoluxmuş və 25 nəfər vəfat etmişdir. Çinin Uxan şəhərində karantin elan edilmişdir:

http://www.nhc.gov.cn/xcs/yqfkdt/202001/c5da49c4c5bf4bcfb320ec2036480627.shtml

Ümumdünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

https://www.who.int/ith/2020-0901_outbreak_of_Pneumonia_caused_by_a_new_coronavirus_in_C/en/

Çinə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.

Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çin Xalq Respublikasının müvafiq səhiyyə qurumlarına və Azərbaycan Respublikasının Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.