Könüllülərin bilik yarışmasının qalibləri müəyyənləşdi

1 Fevral 2020 17:31 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif dövlət qurumlarının könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən bilik yarışması yekunlaşıb.

Publika.az xəbər verir ki, 13 komandanın qatıldığı gərgin və maraqlı mübarizə şəraitində keçən yarış “Xəmsə” formatında üç mərhələdən ibarət olub və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıb.

Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Gənclər və İdman Nazirliyinin “Gənclər” komandası birinci, Xarici İşlər Nazirliyinin “Diplomatiya könüllüləri” ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Könüllü DOST” üçüncü, Dövlət Turizm Agentliyinin “Turizm könüllüləri” dördüncü yeri tutub, həvəsləndirici mükafata isə Dövlət Gömrük Komitəsinin “Gömrükçü könüllülər”i layiq görülüb. Qalib komandalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mükafatlandırılıb.