Prezident: “İcbari tibbi sığorta ciddi problemlərin və pozuntuların qarşısını alacaq”

4 Mart 2020 01:15 (UTC+04:00)

“Baxmayaraq ki, bu ilin büdcəsi rekord həddə çatıb, Azərbaycan tarixində bu ölçüdə, bu böyüklükdə büdcə xərcləri olmayıb. Büdcə hazırlanarkən çox geniş təhlil işləri aparılıb ki, proqnozlar nədən ibarət olacaq. Proqnozlar keçən ilə görə artırılıb”.

Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin bir qrupu və əhəng zavodunun kollektivi ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, yanvar-fevral aylarında vergi orqanları büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər:

“Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində. Nəyin hesabına? Şəffaflıq, dürüstük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına. Ona görə sahibkarlar da bu işlərə tam dəstək verərək, həm öz maliyyə imkanlarını genişləndirəcəklər, onlarda əlavə vəsait toplanacaq. Bu vəsaiti də ilk növbədə, Azərbaycana yatırmaq lazımdır. Eyni zamanda, bu müsbət tendensiyalar kölgə iqtisadiyyatına da böyük zərbədir. Kölgə iqtisadiyyatının həcmi kəskin daralır, daha da daralmalıdır və proqnozdan əlavə yığılan vəsait bunun bariz nümunəsidir”.

Prezident qeyd edib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq olmamalıdır.:

“Əminəm ki, sizin müəssisədə bu, yoxdur. Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır. Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək.

Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq. Çünki əfsuslar olsun ki, bu gün bizim hələ də bu sahədə ciddi problemlərimiz var, pozuntular var. İcbari tibbi sığorta bunun qarşısını alacaq. Eyni zamanda, qeyri-formal məşğulluğa qarşı da ciddi mübarizə üsulu olacaq”.