Azərbaycan çempionu 2 oğlu ilə birlikdə karantinə alındı

5 Aprel 2020 06:06 (UTC+04:00)

Karate üzrə müstəqil Azərbaycanın ilk çempionlarından olan İlyas Xəlilov və ailəsi karantinə alınıb.

Publika.az xəbər verir ki, bu barədə İlyas Xəlilovun özü açıqlama verib.

O bildirib ki, Rusiyadan qayıtdıqdan sonra karantinə alınıblar: "Martın 16-da idman gimnastları olan oğlanlarım – Hüseyn və Əlini məşqsiz qalmaması üçün Novosibirskə təlim-məşq toplanışına aparmışdım.

Həmin vaxt orada idman gimnastikası üzrə zallar bağlanmamışdı. Rusiyada olanda eşitdik ki, sərhədlər bağlanıb. Təyyarəmiz martın 27-si birbaşa Novosibirskdən qayıtmalı idi. Ancaq o reys ləğv olunmuşdu.

Ona görə də Moskvaya gəldik. Aprelin 2-də 123 nəfəri gətirən xüsusi təyyarə reysi ilə Azərbaycana qayıtdıq. Hazırda hoteldə karantin rejiminə alınmışıq. Şükür Allaha, buradakı durumumuzdan narazı deyilik. Dövlətin qoyduğu minimum 14 günlük karantin rejiminə əməl etməliyik”.