Əfv aktından tutmuş dövlət yardımına qədər... – Prezidentdən növbəti humanist addım

7 Aprel 2020 17:31 (UTC+04:00)

Dünyanı təsiri altına alan koronavirus pandemiyası ilə mübarizə hər bir ölkə üçün sınaq mərhələsinə çatıb. Vaxtında və doğru addım atmayan ölkələr faktiki olaraq virus qarşısında məğlub vəziyyətə düşüblər. Dünya üzrə virusun yayılması infoqrafiyasına nəzər yetirdikdə, yalnız doğru istiqamətdə hərəkət edən ölkələrdə vəziyyətin qənaətbəxş olduğunu görmək olur. Bu infoqrafiyada Azərbaycan virusu nəzarət altına alan ölkələr sırasındadır.

Azərbaycanın virusun dəhşətli itkilərə məruz qoyduğu İtaliya, İspaniya, Fransa, digər Avropa ölkələri, eləcə də ABŞ və qonşu İran olmamasının səbəbi hökumətin vaxtında hərəkətə keçməsi, doğru qərarların zamanında icra edilməsi oldu. Bütün bunların əsas hədəfi vətəndaşın sağlamlığının qorunması, ölkənin virus qarşısında məğlub vəziyyətə düşməməsidir.

Sərhədlər bağlandı, xüsusi karantin rejimi tətbiq olundu, respublikada hərəkətin və təmasın məhdudlaşdırılması üçün vacib addımlar atıldı;

Koronavirusun zərər vurduğu sahibkarlara dəstək məqsədilə dövlət dəstəyi paketi hazırlandı;

Karantin dövründə işləyə bilməyən vətəndaşların əmək haqları dövlət tərəfindən ödənilir;

350 min muzdlu işçinin aylıq əmək haqqı ödəniləcək, o cümlədən, 200 min işsizə iki ay ərzində 190 manat veriləcək;

Azərbaycan hökuməti digər ölkələrdən fərqli olaraq, koronavirusla mübarizədə sərt qaydaların tətbiqindən daha çox, vətəndaşını düşünərək hərəkət edir.

Prezident İlham Əliyevin fevralın 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncam da bu istiqamətdə atılmış ən böyük humanist addımlardan biridir. Ümumilli lider Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq əfv və amnistiya qərarları ilə məhkumları sevindirir. Bu, artıq ölkədə köklü ənənələrdən birinə çevrilib.

Sayca 34-cü olan növbəti əfv aktı göstərir ki, Azərbaycan Prezidenti humanizm prinsiplərinə əsaslanan siyasət yürüdür və bu siyasətin mərkəzində həmişə olduğu kimi Azərbaycan vətəndaşı dayanır.

Əfv aktlarının statistikasına baxdıqda, demək olar ki, hər il bir və daha çox humanizm addımı atılır. Dövlət başçısının imzaladığı qanunvericilik aktları nəticəsində indiyə qədər 4871 şəxs əfv olunub. Bununla yanaşı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40 412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Növbəti əfv sərəncamı koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil edildi. Sərəncama əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad olundu. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb.

İndi əfv edilən şəxslərin üzərinə böyük məsuliyyət düşür. Onlar bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər.

Bu humanist addım “dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” prinsipinin davamıdır.

Asif