"Formula 1": Avstriya Qran-prisinin azarkeşsiz keçirilməsinə icazə verildi

16 Aprel 2020 06:49 (UTC+04:00)

Avstriya hökuməti "Formula 1" üzrə Qran-prinin "Red Bull Ring" trassında azarkeşsiz keçirilməsinə qarşı deyil.

Publika.az-ın məlumatına görə, bu barədə ölkənin idman naziri və vitse-kansleri Verner Kögler yerli mətbuata açıqlamasında deyib.

Dövlət rəsmisi bildirib ki, yarışın təşkilinə mane olmaq istəmirlər. Onun sözlərinə görə, yeganə problem azarkeşlərlə bağlıdır: "Formula 1" yarışı ilə futbol matçının azarkeşsiz keçirilməsi fərqlənir. Məsələn, "uik-end" yarışlarında iştirakçıların ümumi sayı 1 000 nəfərə yaxın olur. "Formula 2" kimi dəstək xarakterli yarışların təşkilinə icazə verilməsi bu sayı daha da artıracaq".

V.Kögler əlavə edib ki, səyahətlərə qoyulan məhdudiyyət sosial məsafə qaydalarından daha ciddi maneə sayılır: "Bu məsələdə ölkəyə giriş və çıxışlardakı mövcud məhdudiyyətlər nəzərə alınmalıdır. İnsanların ölkəyə buraxılıb-buraxılmayacağını əvvəlcədən təxmin etmək istəmirəm".

Avstriya Qran-prisi iyulun 5-də keçirilməlidir.

Qeyd edək ki, "Formula 1"də Azərbaycanla yanaşı, Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda təşkil olunmalı idi.