ABŞ-da koronavirusa qarşı tədbirlər ləğv edilir

21 Aprel 2020 09:39 (UTC+04:00)

ABŞ-da bəzi ştatlar koronavirusa qarşı qabaqlayıcı tədbirləri yumşaltmağa başlayıb.

Publika.az xəbər verir ki, Corciya ştatı COVID 19-la mübarizə tədbirləri çərçivəsində bağlanan bəzi əyləncə məkanları cümə günü yenidən istifadəyə açılacaq.

Ştatın qubernatoru Brayn Kemp Corciya iqtisadiyyatının canlandırılması məqsədilə film, restoran, idman, gözəllik və bovlinq salonlarının yenidən xidmətə başlayacağını bildirib.

İşçilərin növbə ilə və sosial məsafə qaydalarına uyğun şəkildə çalışmasının məcburi olduğunu qeyd edən qubernator bütün iş yerlərində maska və əlcək geyinməyi tövsiyə edib.

Ştat miqyasında elan edilən “evdə qal” təlimatı isə 30 aprel tarixində sona çatacaq.

Corciyadan başqa, Oklahoma, Pensilvaniya, Massaçusets, Delavare, Konnektikut, Rode Ayland, Cənubi Karolina, Tennesi, Texas, Yutah, İndiana, Şimali Dakota və Ohayo ştatlarında da bənzər addımların atılacağı, mayın 1-dən etibarən iş yerlərinin açılacağı bildirilir.

Son rəqəmlərə görə, ABŞ-da 792 min 913 nəfər koronavirusa yoluxub, 42 min 517 nəfər dünyasını dəyişib.

Zümrüd