"Almaniyada karantin qaydalarını pozanları..." - Azərbaycanlı pianoçu ilə MÜSAHİBƏ

29 Aprel 2020 04:00 (UTC+04:00)

Teleqraf.com-un suallarını istedadlı pianoçu Köln Ali Musiqi Məktəbinin dosenti Toğrul Hüseynli cavablandırıb.

O, koronavirus pandemiyası ilə əlaqədar Almaniyadakı son durum, karantin rejiminin səviyyəsi barədə danışıb. Müsahibəni təqdim edirik:

- Toğrul bəy, Almaniyada hazırda vəziyyət necədir, bu ölkədə də yumşalma meylləri hiss olunurmu? Ölkədəki mövcud durum barədə məlumat vermənizi istərdik...

- Almaniyada vəziyyət keçən aya nisbtən daha yaxşıdır. Martda COVID-19 virusu Avropanın bir sıra ölkələrində, o cümlədən Almaniyada çox sürətlə yayılırdı. Gündə təxminən 5-10 min arası insan virusa yoluxurdu. Hazırda yoluxma hallarının sürəti aşağı düşüb. Bir gün ərzində 1000-2000 insanda infeksiya aşkarlanır. Hər gün on minlərlə test aparılır və bunun nəticəsində cavablar açıqlanır. Almaniya mayın 4-dən etibarən karantin müddətini yavaş-yavaş sonlandırmağa doğru gedir. Ölkədə insanlar arasında sosial məsafənin qorunması üçün tətbiq olunan ünsiyyət qadağası götürüləcək. 2 nəfərdən çox adamın bir yerə toplanması qadağan idi.

Keçən həftənin bazar ertəsindən artıq bir sıra geyim dükanları, restoranlar açılmağa başlayıb. Mayın 4-dən isə artıq digər mağaza və ictimai iaşə obyektlərinin açılması nəzərdə tutulur. Özüm Köln Ali Musiqi məktəbində və Brühl Musiqi və İncəsənət məktəbində çalışıram. Bu müəssələrin də açılacağını gözləyirik. Həftənin sonu dəqiq qərar elan olunacaq. İlkin versiyalara görə, 4 maydan Almaniya öz normal həyatına geri qayıdır.

- Özünüzü COVID-19 infeksiyasından necə qoruyursunuz?

- Artıq 1 aydır hətta Almaniyada ünsiyyət qadağası qoyulmazdan öncə özümü karantin rejiminə almışdım. Evdən sadəcə həftədə 2 dəfə çıxıb qida ehtiyacımı ödəmək üçün mağazaya gedirdim. İncəsənət və elmi fəaliyyətimi evdə təşkil etmişəm, tələbələrimlə onlayn dərslər aparıram. Küçəyə çıxanda maska və əlcək taxıram. Çölə az çıxmağa, insanlarla az təmasda olmağa və Almaniya dövlətinin verdiyi tövsiyələrə əməl etməyə çalışıram.

- Sosial məsafədən başqa insanlar qarşısında hansı tələblər qoyulub? Cəza tədbirləri nəzərdə tutulurmu?

- Almaniyada karantin qaydaları martın 16-dan tətbiq olunmağa başlayıb. İlkin olaraq aprelin 19-dan qədər Almaniya üzrə bütün məktəblər bağlandı. Sonra məktəblərin açılması üçün müddət mayın 4-dək uzadıldı. Təxminən martın axırlarında sosial məsafə qadağası gəldi, bu qadağaya əməl etməyənlər məsuliyyətə cəlb olunurdular.

İlkin mərhələdə sadəcə xəbərdarlıq olunur, qadağanı pozanları sonrakı mərhələlərdə maddi cəzalar və daha ciddi cəzalar gözləyirdi. Almaniya digər Avropa ölkələri arasında yeganə ölkə idi ki, küçəyə çıxmaq qadağasını tətbiq eləmədi, yəni tamamilə sərt karantin rejiminə keçmədi.

- Səbəb nə idi?

- Alman xalqı görülən bütün tədbirlərə dəstək verdi, dövlətin arxasında durdu və sosial məsafə qadağasına tam şəkildə riayət elədi. Vurğulanmışdı ki, Almaniyada virusun yayılma sürəti azalmasa küçəyə çıxmaq qadağası da qüvvəyə minəcək. Şükürlər olsun ki, virusun yayılması azaldı və qərara keçid olmadı. Ümid edirəm ki, vəziyyət belə də davam edəcək, virusun yayılma tempi artmayacaq. Hər kəs bu tendesiyanın belə davam edəcəyini gözləyir.

- Almaniya ABŞ, İtaliya və İspaniyadan sonra virusa yoluxanların sayına görə 4-cü pillədədir. Sizcə, niyə güclü Avropa ölkələri virusa təslim oldu?

- Avropada virusun bu cür dəhşətli şəkildə yayılmasının səbəbi məhz turizm sektoru oldu. Bildiyiniz kimi İtaliya və İspaniya xüsusən qış aylarında Çindən çox böyük sayda turist qəbul etməyə başlamışdı. Bu, həmişə belədir. İtaliya Avropanın bir nömrəli turistik ölkəsidir. Rəsmi məlumatlara görə, təkcə yanvar ayında Çindən 7 milyona yaxın turist Avropaya gəlib. Şübhəsiz, turistlər özləri ilə COVID-19 virusu da gətiriblər. Əvvəlcə infeksiya İtaliyada sürətlə yayılmağa başladı. Almaniya və digər ölkələrin virusa təslim olmalarının başlıca səbəblərindən biri də məhz İtaliya ilə sərhədlərin bağlanmaması oldu. Sərhəd çox gec, martın əvvəlləri bağlandı. O vaxta kimi Şengen zonası açıq idi, insanlar İtaliyadan İspaniya, Almaniya və digər ölkələrinə yoxlanışdan keçmədən gedə bilirdilər. Bu müddət ərzində çinli turistlər də axın edirdi. Bu da Avropada virusun sürətlə yayılmasına gətirib çıxardı.

Almaniya virusun yayılmasına görə ilk beşlikdə olsa da, ölüm halları digər Avropa ölkələrinə, ABŞ-a nisbətən olduqca azdır. Bu da bir daha Almaniya səhiyyə sisteminin nə dərəcədə güclü olduğunu və xüsusən də COVID-19 testlərinin nə qədər mütəşəkkil şəkildə həyata keçirildiyini göstərir. Alman rəsmilərinin dediyinə görə, milyonlarla insan testdən keçdi. Nəticədə xəstə insanlar sağlam insanlardan izolyasiya olundu, karantin altına alındı, buna görə də xəstəlik tez təsbit olundu.

Məsələn, İtaliyada xəstəlik gec aşkar olunduğundan ölüm hallarına görə birinci yerdə idi. ABŞ bu tendensiyanı İtaliyanın əlindən aldı. Təəssüf ki, ABŞ-da da insan tələfatı çox yüksəkdir. Avropa ölkələri artıq virusdan qurtulmağa çalışır, yoluxanların sayı get-gedə azalır.

- Sadə amerikalılar arasında hələ yanvar ayında xəbərdarlıqlara məhəl qoymadığına görə Prezident Donald Trampın ünvanına ittihamlar səsləndirənlər üstünlük təşkil edir. Bəs almanlar Kansler Angela Merkelə yönəlik ittihamlar irəli sürür?

- Təbii ki, hər bir ölkədə hakimiyyət qüvvələrini sevənlər də, sevməyənlər də ola bilər. ABŞ-da etirazlar sərt şəkildədir, çünki nəhəng ölkədir və böyük dövlətləri idarə etmək daha çətindir. Amerikada olan problemlər Almaniyada yoxdur. Alman xalqı görülən tədbirlərə amerikalılarla müqayisədə daha isti yanaşdı, nəticədə Almaniyada virusa yoluxanların sayı ABŞ-dan daha az oldu. Ölənlərin sayı isə ABŞ-dan qat-qat aşağıdır.

Xanım Merkelin siyasətini tənqid edənlər ola bilər. Bu günə kimi koronavirusla mübarizə çərçivəsində görülən tədbirlər xalq tərəfindən çox yaxşı qəbul olunur, böyük protestlər, mitinqlər, onlayn çağırışlar qarşıma çıxmayıb.

- İlk vaxtlar virus yayılanda ciddi panika hökm sürürdü. Əksər ölkələrdə maska, spirtlə yanaşı bir sıra qida məhsullarını tapmaqda da çətinlik yaşanırdı. Almaniyada vəziyyət necə idi?

- Eyni hadisə Almaniyada da baş verdi. Martın 15-dən etibarən alman apteklərində, hətta mağazalarda belə heç bir dezinfeksiya məhlullarına rast gəlmək mümkün deyildi. Qıtlıq martın sonunadək davam etdi. 5-10 apteki axtarandan sonra bir və ya iki qutu dezinfeksiya məhlulu tapmaq olurdu. Almaniyada spirt açıq şəkildə satılmır. Maska tapmaq isə çox dəhşətli problem idi. Xüsusən mart ayında maska tapmaq mümkün deyildi. Hələ vəziyyət ciddiləşməzdən əvvəl maska axtarıb güclə ikisini ala bilmişdim. Maskalar hətta apteklərdə şişirdilmiş qiymətlərə satılırdı. Ciddi qıtlıq yaşanırdı. Buna səbəb heç də tələbatla bağlı deyildi. Sadəcə olaraq Almaniyanın yanvar ayında özünün maska ehtiyatının böyük hissəsini Çinə satması ilə bağlı idi. Bu hal almanların tənqidinə tuş gəlmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının maska taxılmasının vacibliyinə kölgə salması da burada rol oynamışdı. Bildiyiniz kimi ÜST sadəcə xəstə insanların maska taxmasını vacib sayır. Sıravi insanların maska taxmasını keçən həftəyə qədər Almaniya da əhəmiyyətli hesab etmirdi. Ancaq bu həftədən etibarən Almaniyada diskussiyalar aparıldı və qərar verildi ki, qapalı məkanlarda, supermarketlər, restoranlarda insanlar mütləq şəkildə maskadan istifadə etməlidir. Bu da almanlar arasında birmənalı qarşılanmır.

Burada ÜST-ə inanan çox insan var və qapalı məkanlara maska ilə getmək istəmirlər. Mən isə maskadan istifadənin tərəfdarıyam. Məncə, heç kəs maskanın bu dünyada ziyanını görməyib. Maskanın insanı hava, damcı yolu ilə keçən viruslardan qoruduğu bəllidir. Artıq maska ehtiyacımı təmin etmişəm, hazırda ölkədə maska qıtlığı yaşanmır.

- Yaradıcı insanlar karantin dönəmini həm də yeni əsərlər yaratmaq baxımından fürsət sayır. Siz bu mərhələdə vaxtınızı necə dəyərləndirdiniz?

- Artıq 1 aydan çox müddətdir yaradıcı fəaliyyətimi evdə davam etdirirəm. Evdə pianom var, hər gün məşğələlər edirəm, o cümlədən yeni proqram üzərində çalışıram. Bir çox konsertlərim məhz virusa görə baş tutmadı, apreldə iki, iyunda bir konsertim olacaqdı, üçü də təxirə salındı. Bu virus hələ bir neçə ay, bəlkə də ilin sonuna kimi davam edəcək. Bu vəziyyətdə insanların konsert haqqında düşünməsi doğru olmazdı. Mən də konsert pianoçusu kimi bu situasiyanı böyük təəssüflə qarşılayıram.

Konsert ifaçılarının gündəlik işi məhz konsertlərə hazırlaşmaq və insanları gözəl proqramlarla sevindirməkdir. Qarşıdakı ayda məktəb və universitetimiz açılanda onlayn konsert formatına keçmək istəyirəm. İtirilmiş zaman içərisində izləyicilərimizlə məhz virtual şəkildə görüşəcəyik. Musiqiçilər birliyinin İnstaqram səhifəsində onlayn müzakirələr aparırıq, bu, bir fürsətdir ki, hamımız evdəyik və bir-birimizlə müxtəlif gözəl mövzular ətrafında fikir mübadiləsi edə bilirik. Buradan da yeni yaradıcılıq ideyaları yaranır.

Çox ümid edirəm ki, bu vəziyyət tezliklə sona çatacaq. Digər insanların da işinə zərər yetirən durumdur. Əsas insanların sağlamlığıdır, buna görə bir çox qurbanlar verməliyik. Bunun başqa yolu yoxdur. İlk növbədə insanların sağlamlığı təmin olunmalıdır. Arzu edirəm ki, ideyalarımız pandemiya bitdikdən sonra reallaşsın.

- Artıq teatrlar tamaşaları onlayn qaydada tamaşaçılara təqdim edir. Sizcə, onlayn konsertlər ənənəvi konsertlər kimi effektiv olacaqmı?

- Onlayn konsertlər bu vəziyyətdə çıxış yoludur. İncəsənət nə qədər müasir texnologiya ilə birləşsə də öz klassik variantını qoruyub saxlamalıdır. Klassik musiqi konsert solununda dinlənilsə, insanlara daha çox təsir göstərəcək və daha yaxşı qəbul olunacaq. Bu, klassik musiqinin keyfiyyətinin saxlanılmasında rol oynayır.

Təbii ki, onlayn konsertlər də insana maraqlı gəlir. Bir qrup mütəxəssislər də bu barədə fikirlərini bölüşürlər. Ancaq bu, daimi hal ala bilməz. Əks halda bu, incəsənətin keyfiyyətinin düşməsinə gətirib çıxara bilər.

- Tanıdıqlarınız arasında koronavirusdan həyatını itirənlər var?

- Şükürlər olsun ki yoxdur, tanıdığım insanların heç birində bu virusa rast gəlinməyib.

- Yaşadğınız Köln şəhərində azərbaycanlıların vəziyyəti necədir?

- Mənim tanıdığım azərbaycanlı həmvətənlərimizin vəziyyəti yaxşıdır. Hələ ki böyük problemlər yaşandığını eşitməmişəm.