Hər bir azərbaycanlının qəlbində Heydər Əliyevin əziz xatirəsi var - DEPUTAT

10 May 2020 16:26 (UTC+04:00)

"Heydər Əliyev hakimiyyətdə olarkən Azərbaycan mədəniyyəti, incəsənəti, elmi SSRİ və dünya səviyyəsində tanınmağa başladı".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərini belə təsvir edib: "Hər bir azərbaycanlının qəlbində Heydər Əliyevin əziz xatirəsi var. Onun Azərbaycan xalqı və dövlətçiliyi üçün etdiklərinin qiymətini hər kəs çox yaxşı bilir. Qruplaşdırdığımız təqdirdə ümummilli liderin Azərbaycan xalqı qarşısında 3 böyük xidməti var. İlk olaraq zamanında dövrün problemlərini uğurla həll edirdi. Təhlükəsizlik orqanlarında çalışan zaman həmin orqanları milliləşdirməyi bacarmışdı. Azərbaycan xalqının taleyini həll edə bilən ziyalıları təhlükəsizlik orqanlarına gətirmişdi. Heydər Əliyev Sovet Azərbaycanının rəhbəri olarkən, bütün sahələr üzrə inkişafda geri qalan ölkənin sosial-iqtisadi inkişafında böyük sıçrayışa nail olub.

Onun rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan 12 dəfə SSRİ-nin qırmızı bayrağını alıb, 250 müəssisə tikilib. Minlərlə məktəb inşa edilib. 6 yeni universitet açılıb. Həmçinin Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik edərkən, bir sistemdən digərinə keçidi ağrısız formada reallaşdırdı, çox sayda islahatlar həyata keçirdi. Ölkəmiz dünya birliyinin layiqli nümayəndəsi oldu. İkinci böyük xidməti Azərbaycanın özündən sonra gedəcəyi strateji inkişaf yolunu müəyyənləşdirməsi idi. Bu gün həmin yolla gedərək, Azərbaycan dövrünün problemlərini uğurla həll edir. Bu strategiya əsasında ölkəmiz daha da gücləndi və inkişaf etdi.

Üçüncü vacib istiqamət və xidmət isə uğurlu strategiyanı reallaşdıran komandanı formalaşdırması oldu. Bu gün Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan problemlərini uğurla həll edir".

Məhərrəm Əliyev