Mir Şahin ölkə rəhbərliyinə TƏŞƏKKÜR ETDİ - VİDEO

17 İyul 2020 21:32 (UTC+04:00)

“Prezidentə və Birinci-vitse prezidentə təşəkkür edirəm”

Publika.az xəbər verir ki, bunu koronavirusdan sağalan REAL Təhlil İnformasiya Mərkəzinin direktoru Mir Şahin Ağayev "Real intervyu"a deyib:

"Mən bu gün burdayam, tamaşaçılarımızla birlikdəyəm. Bu, Birinci-vitse prezident Mehriban Əliyevanın xüsusi diqqəti və qayğısının nəticəsidir. Hər gün mümkün olduqda Mehriban xanım mənimlə danışıb, səhhətimlə maraqlanıb. Mənimlə danışmaq imkansız olanda xəstəxananın personalı və rəhbərliyi ilə danışıb. Bu barədə mənə hər şey yaxşılığa doğru dəyişməyə başlayandan sonra məlumat veriblər. Mən həm cənab Prezidentin alicənab münasibətinin, Birinci-vitse prezidentin alixanım münasibətinin qürurverici təsiri adı altındayam. Buna qədər mən bir neçə dəfə belə bir ifadə işlətmişəm. Azərbaycanda mövcud idarəçilik iki çox ciddi faktora əsaslanır - Ata dövlət, Ana vətən. Ata dövlət məndən ötrü Prezidentdir. Ana vətən məndən ötrü Mehriban Əliyevadır. Bu, obraz olaraq Azərbaycan vətəndaşlarının təhtəlşüurunda oturmalıdır. Mən təkcə Ata dövlət, təkcə Ana vətən münasibətini yox, eyni zamanda bir bacı şəfqətini də gördüm. Fürsətdən istifadə edib Mehriban xanıma, onun alixanımlığına görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, mənimlə bərabər xəstəxanada müalicə alan hər bir kəsə bu diqqətdən pay düşürdü. Bundan sonra yaşayacağım hər saatı, hər günü, hər ili Azərbaycan dövlətinə həsr edəcəm. Bu, artıq mənim yaşayacağım ömür olmayacaq. Bu ömürdə mənimlə Azərbaycan dövləti müştərək yaşayacaq. Nə zamansa bu ömür bitəcəksə, Azərbaycan dövlətinin halal xoşu olsun".