Ermənilərlə mənəvi və bioloji bağlılığı olanlar - Faktların İZİ İLƏ...

29 İyul 2020 01:05 (UTC+04:00)

“Sən əvvəl ermənisən, sonra insansan! Ermənilik hər şeydən üstündür”.

II Dünya müharibəsində nasistlərə xidmət etmiş, bu gün İrəvanda 6 metrlik heykəli ucaldılan Qaregin Njdenin erməniliyin əsasını təşkil edən “Tseqakron” təlimində əksini tapımış bu sözlər Ermənistanın Tovuz təxribatı, ardınca müxtəlif xarici ölkələrdə azərbaycanlılara və diplomatik nümayəndəliklərimizə qarşı təşkil törətdiyi terror hücumlarını müdafiə edənlərin, baş verənləri Azərbaycanın üzərinə yıxmağa çalışanların mövcudluğu fonunda yada düşür və şübhəli suallar yaradır.

Azərbaycanlı olan, yaxud azərbaycanlı kimliyini daşıyan insan(lar) niyə soydaşlarımıza qarşı açıq şəkildə həyata keçirilən erməni terrorunu müdafiə etsin?!

Birdən çox cavabı olan sualdır və cavabları Tovuzdan Los-Ancelesə qədər uzanan təxribat hücumunda tapmağa çalışacağıq...

İyulun 12-də Erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat hücumu həyata keçirdi. Şəhid verən Azərbaycan Ordusunun adekvat zərbələri işğalçı ölkənin böyük itkilər verməsi ilə nəticələndi. Ermənistanın hərbi cəbhədə məğlubiyyəti diplomatik cəbhədə də davam etdi. Ardınca erməni terrorunun sərhədləri genişləndirildi və okeanın o tayından – ABŞ-dan Avropaya, oradan Asiyaya qədər uzanan böyük coğrafiyada azərbaycanlılara hücumlar başlandı.

Los-Ancelesdə biri qadın olmaqla 7 azərbaycanlı ağır xəsarətlər aldı, Belçikada azərbaycanlı gənclər təklənərək, döyüldü, Kiyevdə azərbaycanlı tələbələr güllələndi, Moskvada sadə həmvətənlilərimiz hücumlara məruz qaldı. Hücum faktlarının sayı kifayət qədərdir və bu hücumların əsas hədəflərindən biri də Azərbaycanın diplomatik nümayəndəlikləridir. Ermənilər ötən əsrin ikinci yarısında ASALA terror təşkilatının “diplomat ovu”nu başqa formada həyata keçirməyə cəhd edirlər.

Bütün bu hücumların hədəfi məlumdur: azərbaycanlıları qarşıdurmaya çəkərək, beynəlxalq səviyyədə etnik toqquşmalar yaratmaq və baş verənlərin Azərbaycan tərəfindən təşkil edildiyi iddiasını servis etmək, bununla həm ermənilər haqqında klassik hiylə olan “əzilən xalq” görüntüsü yaratmaq, həm də Azərbaycanın “barbar” imicini formalaşdırmaq.

Bunun üçün “hücumları Azərbaycan təşkil edib” iddiası irəli sürüldü. Ermənistanın Tovuz döyüşlərindən tutmuş xaricdə soydaşlarımıza qarşı törədilən vandalizmə qədər bütün prosesdə əsas tezisi belədir.

Ermənistan mediası, erməni lobbisi\diasporu, onlara bağlı media resursları və azərbaycanlı kimliyi altında gizlənənlərin müdafiə etdiyi bu tezis iki mərhələdə həyata keçirildi.

BİRİNCİ MƏRHƏLƏ: ABŞ-da Ramis Yunus 15 iyulda erməni politoloq Ruben Mehrabyanla RTV1 kanalında müzakirəyə çıxdı. Müzakirənin əsas konteksti belə idi: “Rusiya sülh istəyir, Türkiyə Bakıya kömək təklif edir”. Ramis Yunus Mehrabyanla birlikdə baş verənlərin dolayısı ilə Bakı və Ankranın işi olduğuna işarə edirdi.

Onun Avropada yaşayan qardaşı Arif Yunus Ermənistanın Civilnet kanalında erməni müəllif Stella Meqrabekyana müsahibəsində Tovuz hücumuna görə Azərbaycanı ittiham altında qoydu.

Əsas ittiham: Azərbaycan bunu diqqəti daxili problemlərdən yayındırmaq üçün edir.

Bu ittiham əvvəlcə Ermənistandan gəldi, daha sonra Yunus qardaşları ermənilərlə birlikdə təkrarladılar.

Nə təsadüf ki, eyni ittihamlar daxildə - Milli Şuranın rəhbərliyinin (Əli Kərimli, Cəmil Həsənli və digərləri) və onların internet resurslarının dilindən də dövriyəyə buraxıldı.

İKİNCİ MƏRHƏLƏ: İyulun 21-dən başlayaraq, müxtəlif ölkələrdə ermənilər soydaşlarımıza qarşı terror hücumlarına start verdi. Hədəfdə olan azərbaycanlılar idi, amma erməni təbliğatı Azərbaycanı hücum edən tərəf kimi göstərirdi. Və yenə azərbaycanlı kimliyinə bürünənlər erməni tezisinin müdafiəsinə qalxdı.

Sevinc Osmanqızı: “Təhlükə yoxdur, sivil mübarizə aparılmaqdadır, mən sizi inandırıram ki, heç erməni tərəfində belə bir niyyət yoxdur. Bu gün bu sivil mübarizəni pozan Azərbaycan tərəfidir. Rəsmi Bakıdır bu qarşıdurmanı təşkil edən”.

Vidadi İsgəndərli: “Vicdanıma and içir ki, ermənilər bizə ziyan vurmayıb”.

Arif Məmmədov: “Ermənilərlə qarşıdurmanı Azərbaycan tərəfi təşkil edir, məqsəd diqqəti daxili problemlərdən yayındırmaqdır. Azərbaycan xüsusi xidmət orqanları bu qarşıdurmadan istifadə edərək, xaricdə “siyasi mühacir”lərin “ovuna” çıxıb”.

Ermənistan hər iki mərhələdə “azərbaycanlılar da Tovuz təxribatının və xaricdə etnik qarşıdurmanın Bakının təşkil etdiyini hesab edir” rəyini yaratmaq üçün bu şəbəkədən istifadə etdi.

Bu rəy həm beynəlxalq, həm də Azərbaycan daxilinə hesablanıb. Məqsəd beynəlxalq platformada Bakını ittiham olunan tərəfə çevirmək, daxildə isə xalqın hakimiyyətə inamını qırmaqdır. “Qarabağ yürüşü”ndə onminlərlər azərbaycanlının paytaxt küçələrində Ordumuza və Ali Baş Komandana dəstək nümayişinin İrəvanı narahat etməsi təsadüfi deyildi.

Bunun fonunda Əli Kərimlinin Tovuz döyüşlərindən dərhal sonra “Bir santimetr torpaq almadığımız halda şəhid veririk” ittihamları da şəhidlərimizə görə təəssüfdən irəli gəlmirdi. Məqsəd daxildə milli həmrəyliyi parçalamağa hesablanmışdı.

Hazırda “Azərbaycanda insan haqları pozulur, demokratiya yoxdur” təbliğatı üzərindən proseslərin üçüncü mərhələsi gedir.

Arif Məmmədovun “Azərbaycan ermənilərlə qarşıdurma yaradaraq, “siyasi mühacir”lərə hücum həyata keçirəcək” iddiası ilkin rəyi yaradılması idi. Ardınca təbliğat sürətləndirildi. Vaşinqtondan Bakıya qədər uzanan bu şəbəkə rəsmi Bakının “anti-demokrat” imicinin yaradılması istiqamətində səylə çalışır.

Bu şəbəkənin xarici və daxili olmaqla iki qanadı fəaliyyət göstərir.

Xarici: ABŞ-da Ramis Yunus, onun Vaşinqtonda yaşamasını təmin etdiyi Cəmil Həsənli, Sevinc Osmanqızı və digərləri; Avropada Emin Hüseynov və onun ətrafındakı şəbəkə, eləcə də “söyüş müxalifəti” kimi tanınan qruplaşmalar;

Daxildə: Milli Şuranın rəhbərliyi, AXCP sədri Əli Kərimli və ətrafı.

Proseslərin təhlili bu şəbəkənin arxasında bu və ya digər formada erməni lobbisi/diasporunun dayandığını deməyə əsas verir. Təsəvvür edin, Ermənistan Azərbaycana hücum edib, ermənilər soydaşlarımıza qarşı terror hücumları həyata keçirir, bütün dünya erməni təxribatından danışdığı, yaxud danışmalı olduğu vaxtda “azərbaycanlı” adı altında fəaliyyət göstərən bu şəbəkə Azərbaycanı ittiham edir, Azərbaycanın anti-demokrat imicinin yaradılması istiqamətində çalışır. Bu məqam prosesin arxasındakı “erməni başı”nı aydın göstərir.

Plan nədir?

1. Beynəlxalq platformada “Azərbaycan daxili problemlərdən – insan hüquqları və demokratiyanın pozulmasından diqqət yayındırmaq üçün Ermənistana və ermənilərə hücum edib” rəyini yaratmaq, erməniləri sivil və demokratik, azərbaycanlıları isə “barbar”, “quldur” kimi təqdim etmək;

Bu, Ermənistanın təmizə çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə təzyiqə məruz qalmasına hesablanıb.

2. Rəsmi Bakının “anti-demokrat” imicini yaratmaq və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərarlar, qətnamələr qəbul etməsinə nail olmaq;

Ermənistan bununla rəsmi Bakının Qarabağ məsələsindəki güzəştsiz mövqeyini qırmağa çalışır. 2016-cı ilin “aprel müharibəsi” zamanı Ermənistan mediasında səslənən müəyyən etiraflar da bunu təsdiqləyir. Misal üçün, “apremenianreport” saytı yazırdı ki, “Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq”.

Eyni proses davam edir və məqsəd “demokratiya”, “insan haqları” üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiqi gücləndirmək və Bakını Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyə məcbur etməkdir. Bu prosesdə “azərbaycanlı” şəbəkəsi əsas silah olaraq istifadə olunur.

Və yuxarıda qeyd etdiyimiz “Azərbaycanlı olan, yaxud azərbaycanlı kimliyini daşıyan insan(lar) niyə soydaşlarımıza qarşı açıq şəkildə həyata keçirilən erməni terrorunu müdafiə etsin?!” sualı önə çıxır.

ABŞ-da və Avropa ölkələrində yaşamaq hüququ əldə etmək, böyük maliyə imkanlarına sahib olmaq, xarici dəstəklə Azərbaycanda hakimiyyətə gəlmək.

Bunlar görünən və məlum səbəblərdir, təcrübə də göstərir ki, bu şəbəkə şəxsi maraqları və ambisiyaları üçün zaman-zaman anti-milli fəaliyyətlər həyata keçirirlər.

Hərçənd, bir insanın öz ölkəsinə, öz Vətəninə, öz millətinə xəyanət etməsi üçün bu maraqlar kifayət edirmi?! Cavablandırılması çətin sualdır, amma faktlar burada əsas amilin bioloji bağlılıq olduğunu deməyə əsas verir.

Ramiz və Arif Yunus qardaşlarının analarını erməni əsilli olduğu təsdiq olunmuş faktdır. Qardaşların atası Seyfulla Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub. Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb. 1952-ci ildə martın 24-də Arsalyus Barseqyanla ailə həyatı qurub. Bu qadın Dağlıq Qarabağda Cartaz kəndində doğulub. Daha sonra Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi başlayanda Yunuslar analarının sənədlərini dəyişdirərək, Dağıstan sakini olaraq göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova oldu. Yunusların yaxın qohumları indiyə qədər Ermənistanda, işğal altındakı Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu 1990-cı illərdə müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara görə, Arif və Ramiz Yunusun dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın oğlanları Arsen, Erik, Armen, həmçinin, qızı və arvadı Kamella hazırda Şuşada yaşayırlar. Yunusların xalaları – Nadya Gevorkyan və Siran Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıb.

Bu məşhur faktın ardınca daha bir sensasiya üzə çıxdı: Emin və Mehman Hüseynov qardaşlarının da Yunuslar kimi ermənilərlə bioloji bağlılığı var.

“1news.az” saytının redaksiyasına ünvanlanan müraciətdə deyilir:

Emin və Mehman Hüseynovların mərhum anası, qızlıq soyadı Bədirzadə olan Firəngiz İbrahim qızı Hüseynova milli mənsubiyyət baxımından erməni olub.

İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulinanın (milliyətcə krım tatarı) qızları Firəngiz Bədir-zadə həqiqətən də onlar tərəfindən övladlığa götürülüb.

Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə “Yevgeniya Qriqoryevna Ovanesova” adını daşıdığını aşkar edilib.

Doğum haqqında şəhadətnamədə erməni Arfeniya Sergeyevna Ovanesova anası olaraq göstərilir. Atasının adının qarşısı boşdur (çox güman ki, atasının adının qarşısına “Qriqoryevna” sonradan əlavə edilib). Həqiqətdə isə Yevgeniya Ovanesova yuxarıda göstərilən İbrahim Bədir-zadə və Mariya Taynulina tərəfindən övladlığa götürülüb. Bu baxımdan keçmiş soyadı Ovanesovanın üzərindən xətt çəkilərək Bədir-zadə ilə əvəz olunub. 1967-ci ildə, 20 yaşı olanda Yevgeniya Kustana şəhərinin (Qazaxıstan) nikah dairəsində qeyd edildiyi kimi, adını Firəngiz olaraq dəyişdirib.

Hüseynovların qonşuları da danışırlar ki, ana Firəngizin erməni olduğundan onların xəbəri olub.

Məsələ kiminsə milli mənsubiyyəti deyil, Azərbaycanda daxil olmaqla müxtəlif xalqların nümayəndələri bərabərhüquqlu şəraitdə yaşayır. Məsələ erməni kimliyini gizlədib, ermənilərin Azərbaycana qarşı planlarında “hüquq müdafiəçisi” adı altında yer almaqdır.

Məlum olur ki, Emin Hüseynovun ATƏT-in Demokratiya və İnsan Haqları bürosunun Varşavada təşkil etdiyi tədbirlərdən birində “Dağlıq Qarabağdakı savaş zamanı azərbaycanlılar erməni jurnalistləri qətlə yetirmişdilər” deməsi, yaxud “Azərbaycanlılar ermənilərlə sülh şəraitində, əmin-amanlıqda yaşamaq istəyir, amma hakimiyyət dairələri buna imkan vermirlər” iddiası, eləcə də bu gün erməni təbliğatının aparıcı siması rolunda olması məhz bioloji bağlılıqdan qaynaqlanır.

Harada və hansı ad altında yaşamağından asılı olmayaraq, ermənisənsə, erməniliyi müdafiə etməlisən”.

Faşist Njdenin “Tseqakron” təliminin açması belədir və faktlar erməni tezisinin müdafiəsinə qalxan “azərbaycanlı” şəbəkəsinin üzvlərinin hansı ad altında yaşamasından asılı olmayaraq, erməniliyə xidmət etdiyini deməyə əsas verir. Kimisi bioloji, kimisi mənəvi bağlılığa görə...

Asif Nərimanlı