Rusiya peyvəndinin ƏKS-TƏSİRLƏRİ məlum oldu

11 Avqust 2020 17:11 (UTC+04:00)

Rusiyanın lisenziyalaşdırdığı peyvəndin COVID-19-a qarşı əks-göstərişləri siyahısına 18 yaşından kiçik olanlar, hamilələr, həmçinin peyvənd komponentlərinə qarşı həssaslıq, şiddətli allergiya, kəskin yoluxucu və yoluxucu olmayan xəstəliklər daxil edilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə dərman vasitələrinin dövlət reyestrinin saytında dərc olunan dərman vasitəsinin qeydiyyat şəhadətnaməsində deyilib. İstifadəyə dair göstərişlərə 18 ilə 60 yaş qrupu daxildir. Təlimatda peyvəndin 18 yaşdan kiçik insanlara qadağan edilməsi dərmanların uşaqlar üçün təhlükəsizliyi və effektivliyi barədə məlumatların tamamlanmaması ilə əlaqədardır.

“Qoruyucu antikor titeri hazırda məlum deyil. Qorunma müddəti də məlum deyil. Epidemioloji effektivliyi öyrənmək üçün klinik tədqiqatlar aparılmadı. Peyvənd edildiyi gün bədən istiliyi 37 dərəcədən çox olmamalıdır. Peyvənd yeri şok əleyhinə terapiya ilə təchiz olunmalıdır. Peyvənd tətbiq edildikdən sonra xəstə ən azı yarım saat tibbi nəzarət altında olmalıdır” , - sənəddə deyilir.

Məlumat üçün bildirək ki, dərmanın qeydiyyatı avqustun 11-də məlum oldu. Dövlət başçısı bildirib ki, Rusiya dünyada dərmanı qeydiyyata alan ilk ölkədir. Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko isə koronavirusa qarşı qeydə alınmış ilk peyvəndin yüksək effektivlik göstərdiyini söyləyib.

Aytən Məftun