Koronavirusla mübarizədə Aşura qərarı və İslam dininin buyruğu

21 Avqust 2020 09:30 (UTC+04:00)

Koronavirus pandemiyası dünyada hər şeyə təsir etdiyi kimi dini ayinlərin keçirilməsinə də maneələr yaratdı. Virusun yayılma təhlükəsinin qarşısını almaq üçün Həcc ziyarətindən tutmuş kütləvi şəkildə ibadət edildiyi cümə namazlarına qədər bütün mərasimlər dayandırıldı. Hazırda əsas mövzu Məhərrəmlik ayında məscidlərin açılması, yaxud Aşura mərasimin keçirilib-keçirilməməsidir.

Bu ay Azərbaycan da daxil olmaqla bir çöx ölkədə dini mərasimlərin keçirildiyi dövrdür. Lakin Məhərrəmlik ayı və Aşuranın koronavirusun yaratdığı təhlükəli dövrə təsadüf etməsi ibadətlərin və mərasimlərin epidemoloji vəziyyətə uyğun keçirilməsini tələb edir. Ən yaxşı seçim hər kəsin evində ibadət etməsi və mərasimlərin internet üzərindən yayımlanmasıdır. Aşura mərasiminin xüsusi qeyd olunduğu İranda artıq bununla bağlı qərar verilib.

İslam Dininin Təbliği Təşkilatının sədri Hüccətülislam Qumi bildirib ki, İranda Məhərrəmlik ayında pandemiya şəraitində keçirilən mərasimlərin internet üzərindən canlı yayımı təşkil olunub.

“Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “Təkiyə” adlı platforma yaradılıb. Bu platforma vasitəsilə insanlar Aşura mərasimlərini internet üzərindən canlı izləyə biləcəklər”, - Qumi qeyd edib.

Azərbaycanda da Məhərrəmlik ayı və Aşura mərasiminin keçirilməsində koronavirus təhlükəsinin yaratdığı təhlükə və risklər nəzərə alınır. Əsas məqsəd insanların sağlamlığının qorunması və yoluxma riskinin qarşısının alınmasıdır.

Koronavirusun yoluxma halları əsasən kütləvi tədbirlər, yaxud insanların bir yerə toplanması zamanı qeydə alınır. Bu, bütün dünya təcrübəsində belədir. Virusun yayılmağa başladığı ilk günlərdən etibarən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, bütün dünyada kütləvi tədbirlərin ləğv olunması bu məqsədə xidmət edirdi.

Məscilərin qapalı yer olduğunu və ibadətin kütləvi şəkildə edildiyini nəzərə alsaq, bu il Məhərrəmlik ayında ibadət evlərinin açılmaması ən doğru qərar hesab oluna bilər. Müsəlman dünyasında cümə namazlarının dayandırılması, Həcc ziyarəti də daxil olmaqla bir çox dini mərasimin təxirə salınması da buna xidmət edir. Azərbaycanda bu il Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları da qılınmadı. Bu baxımdan, mövcud vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasını hansısa qeyri-adi səbəbə calamaq doğru deyil. Bu, kütləvi tədbirlərlə əlaqədar indiyə qədər verilmiş qərarların məntiqi davamıdır. Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür və atılan addımlar vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır. Bütün möminlər də bunu anlayışla və həmrəyliklə qarşılayırlar.

Müqəddəs Quran da daim birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırır. İnsan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Allah Bəqərə sürəsinin 195-ci ayəsində buyurur: “Öz əlinizlə özünü təhlükəyə atmayın”.

Allahın Rəsulu (s.ə.s) da buyurur ki, xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin.

Məhərəmlik ayında məscidlərin açılmaması və Aşura mərasimlərinin keçirilməməsi qərarının İslam dininə uyğun olduğu da aydın görünür. Dövlət vətəndaşını təhlükəyə atmır və bütün risklərə qarşı qoruyur.

Əks təqdirdə, bunun nəticələri ağır ola bilər. Koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində yoluxma hallarının azalmasına nail olunub. Bu şəraitdə məscidlərin ibadət üçün açılması “öz əlimizlə özümüzü təhlükəyə atmaqdır”.

Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Buna nümunə kimi bir müddət öncə Bakıda keçirilmiş aksiyada minlərlə insanın iştirak etməsinin sanitar-epidemoloji vəziyyətə mənfi təsir göstərməsini qeyd etmək olar.

Bu baxımdan, kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükə yaradır. Həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətin vəziyyətin də öhdəsindən gələcək, növbəti illərdə dini mərasimlərin keçirilməsi üçün şəraitin yaranmasına bu il sərgilədikləri həmrəyliklə nail olacaq.

Bu il kütləvi dini mərasimin keçirilməsinə nə mövcud şərait imkan verir, nə də İslam dininin sağlamlığın qorunması ilə bağlı qaydaları. Çətinliyin geridə qalmasının yeganə yolu həmrəylik nümayiş etdirmək və qaydalara əməl etməkdir.

Asif Nərimanlı