FHN Yasamaldakı yanğınla bağlı daha bir məlumat yaydı (YENİLƏNDİ)

28 Avqust 2020 19:36 (UTC+04:00)

Avqustun 28-də paytaxtın Yasamal rayonu ərazisindəki Şərifzadə küçəsində yerləşən yataqxana binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə və binanın bəzi hissələrində baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə baş çəkib, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olublar. Hazırda yanğın olan binada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələbləri əsasında, yeni müvəqqəti yaşayış sahəsinə köçürülməsi mümkün olmayan ailələr yaşayırlar.

Xatırladaq ki, Yasamal rayonu ərazisində yerləşən, Azərbaycan Texniki Universitetinin 1, 2, 3, 4, 5, 6 saylı tələbə yataqxanlarında, yataqxana kompleksinin həyətində, eləcə də, Azərbaycan Memarlıq və İnşaat Universitenin 1, 2, 4, 5 saylı tələbə yataqxanalarında, sanatoriya binasında, yataqxana kompleksinin həyətində, buradakı yarımçıq tikilidə 1340 ailənin müvəqqəti məskunlaşdığı qeydə alınıb və müvafiq qaydada siyahılaşdırılıb. Bunlardan 1133 məcburi köçkün ailəsi “Qobu Park-3” yaşayış kompleksində müvəqqəti yaşayış sahəsinə – yeni mənzillərə köçürülüb.

Bu ərazidə məskunlaşmış 161 ailəyə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələbləri əsas götürülərək, yeni yaşayış sahəsi verilməyib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır.

***

15:19

Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərinin Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, beşmərtəbəli yataqxana binasına bitişik ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət tikili və içərisindəki ev əşyaları 74 m² sahədə, yataqxana binasının birinci mərtəbəsinin dəhlizində dolab 4 m² sahədə yanıb. Yüksək temperaturdan yataqxana binasının yaşayış olmayan hissəsində birinci və üçüncü mərtəbələr arası pəncərə çərçivələri, ikinci və dördüncü mərtəbələr arası eyvanların taxta üzlükləri qarsalanıb. Yataqxana binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.