Vicdanı qarşısında and içən şair - Ülvi Bünyadzadənin doğum günüdür

23 Sentyabr 2020 11:33 (UTC+04:00)

Bu gün 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin doğum günüdür.

Publika.az xəbər verir ki, Ü.Bünyadzadə 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub.

Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazıb. O, ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçüb. 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpkili bədii və publisistik yazıları "Daşkəsən" qəzetində dərc olunub. Eyni zamanda, rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilib. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili alıb. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində ifa etməyi bacarıb.

1986-cı ildə sənədlərini ADU-nun şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə təqdim edib. İmtahanlarını müvəffəqiyyətlə versə də, müsabiqədən keçə bilməyib. Daşkəsən şəhərinə qayıdaraq rayon təmir-tikinti idarəsində rəngsaz işləyib. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olub. İnstitutun qəzetində yazıları mütəmadi çap olunub.

Ülvi Bünyadzadə ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilib. 1987-1989-cu illər Ülvinin qısa ömrünün ən məhsuldar dövrü olub. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olub. Ülvi əsgəri xidmətini yüksək səviyyədə yerinə yetirdiyinə görə hərbi hissədə Sov.İKP üzvlüyünə qəbul edilib.

1989-cu ilin sentyabr ayında SSRİ müdafiə nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olunub və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdıb. Ülvi həmin gün mitinqdə iştirak edib və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olub.

10 sentyabr 1989-cu ildə doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazıb.

Ülvi Bünyadzadə Xarici Dillər İnstitutunda Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının (ŞAATİ) yaradılmasında fəal iştirak edib. O, AXC-nin institutdakı dayaq dəstəsinin fəaliyyət proqramını hazırlayanlardan biri olub.

Sov.İKP-nin bütün sovet xalqlarının həyatında oynadığı mənfi rolu başa düşərək Bakıya qayıtdıqdan sonra Azadlıq meydanında (dekabr) mitinq zamanı "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazım olsa, bütün cismimizi yandırmağa hazır olmalıyıq" deyərək kommunist biletindən imtina etdiyini bildirib, bileti oradaca ovcunun içində yandırıb.

19 yanvar 1990-cı ildə gecə Bakıya girən sovet ordusunun yolunu kəsib, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülləyə sipər edərək həlak olub. Yanvarın 20-də dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini 1 saylı şəhər klinikasında tapıb.

Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Ülvinin yaradıcılığına 200-dən çox şeir, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayə, 5 pyes, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqalə, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazılar daxildir.

"20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalanıb. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adi haqqında əsasnamə təsdiq edilib. 1990-cı il yanvarın 20-də kecmiş SSRİ silahlı quvvələrinin Bakıya və respublikanın bir necə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə indiyədək "20 Yanvar şəhidi" fəxri adı verilib.