"Şuraya sədrliyimlə bağlı söhbət gedir, amma..." - Eldar Quliyev

25 Sentyabr 2020 20:53 (UTC+04:00)

Respublika Ağsaqqallar Şurasına rəhbərlik etməyimlə bağlı hələlik söhbət gedir. Hazırda konkret olaraq Şuranın sədri deyiləm. Ağsaqqallar arasında seçim aparılır. Artıq 70 yaşım var, bəlkə bu cəhətdən Şuraya mənim rəhbərlik etməyim tövsiyə olunur.

Publika.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, professor Eldar Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, son zamanlar bir neçə yaşlı insanın adı Ağsaqqallar Şurasına rəhbərliklə bağlı hallanır. Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyətinin səhhəti ilə bağlı elə də aktiv fəaliyyət göstərə bilməyəcəyi məlumdur: “Ağsaqqallar Şurasına rəhbərlik edən adam elə insan olmalıdır ki, yaşına baxmayaraq aktiv fəaliyyət göstərsin. Söhbət təkcə məndən getmir. Şuraya təcrübəli adam rəhbərlik etməlidir. Həm də səhhəti onun fəaliyyətinə imkan verməlidir. Ağsaqallar Şurasına sədrlik məsələləsi tək Bakı ilə məhdudlaşmır. Bölgələrlə də aktiv iş aparılmalıdır”.

Eldar Quliyev hesab edir ki, ölkədə ümumiyyətlə ağsaqqalların hörmətini, statusunu bir qədər qaldırmaq lazımdır: “Əvvəllər ağsaqqal o adama deyilirdi ki, həqiqətən sözü yaşadığı kənddə, qəsəbədə, bölgədə keçərli olurdu. Harada bir problem yaranırdısa, ağsaqqal həmin məsələləri yoluna qoyurdu. Ağsaqqalın bir problemin üstünə getməsi ilə həmin məsələnin həlli gerçəkləşirdi”.

Eldar Quliyevin sözlərinə görə, respublikamızın hər yerində, xüsusən, Bakı kəndlərində ağsaqqala hörmət-ehtiram çox böyükdür: “Bu baxımdan Respublika Ağsaqqallar Şurasının rəhbəri elə adam olmalıdır ki, onun böyük nüfuzu olsun. Nüfuz nə pulla, nə də başqa şeylə ölçülür. Allah Fəttah Heydərova rəhmət eləsin. Ondan sonra bu Şuraya rəhbəlik edən adam heç olmasa onun qədər nüfuzlu olmalıdır”.

Millət vəkili vurğulayıb ki, Şura sədrliyi ona həvalə olunsa, bacardığı qədər öhdəsindən gəlməyə çalışar: "Bu sahədə müəyyən təcrübəmiz də var. Fikrimcə, Şuranın strukturu yenidən formalaşmalıdır. Çünki 2018-ci ildə Ağsaqqallar Şurasının nizamnaməsinin müddəti bitib. Hazırda Ağsaqqallar Şurasının nizamnaməsi qeydiyyatdan keçmədiyi üçün legitim sayılmır. Bildiyim qədər nizamnamə artıq yenidən hazırlanııb.

Qüvvədə olan ictimai təşkilatlar haqqında qanuna görə, hər bir təşkilat 5 ildən bir qeydiyyatdan keçirilməlidir”.