Alimlər COVID-19 ilə mübarizədə ƏN FAYDALI VİTAMİNİ TAPDI

26 Sentyabr 2020 12:29 (UTC+04:00)

Amerikalı alimlər müəyyənləşdirib ki, D vitamini səviyyəsi normal olan koronavirus xəstələri xəstəliyi daha yüngül keçirir və ölüm halları daha az olur. Bildirilib ki, D vitamini defisiti olan xəstələrdə isə vəziyyət ağırdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Boston Universiteti Tibb Fakültəsinin mütəxəssisləri tərəfindən aparılan bu araşdırmanın nəticələri “PLOS One” jurnalında dərc edilib. Alimlər qandakı D vitamini səviyyəsinin xəstəliyin şiddətinə və COVID-19-dan ölüm faizinə necə təsir etdiyini aydınlaşdırıb. Koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilən 235 nəfərdən qan nümunələri götürülüb və D vitamini səviyyəsinin göstəricisi olan serum 25-hidroksivitamin D ölçülüb.

Tədqiqatçılar daha sonra infeksiyanın klinik şiddətini və xəstəliyin nəticələrini, habelə huşsuzluq, təngənəfəslik və hipoksiyanı da əhatə edən ağır simptomları olan xəstələri müşahidə edib. Onlarda həmçinin qanda reaktiv zülal və limfositlərin miqdarını (xəstəliklə mübarizə aparmağa kömək edən immun hüceyrələri) izləyiblər.

Daha sonra amerikalı alimlər bütün bu parametrləri D vitamini çatışmazlığı olan və olmayan xəstələrdə müqayisə edib. Kifayət qədər D vitamini olan koronavirus xəstələrində mənfi klinik nəticələrin - ağırlaşma və ya ölüm riskinin çox aşağı olduğu ortaya çıxıb.

Qeyd etmək lazımdır ki, kifayət qədər D vitamini səviyyəsinə sahib 40 yaşdan yuxarı xəstələrin D vitamini çatışmazlığı olan koronavirus xəstələrlə müqayisədə infeksiyadan ölmə ehtimalı 51,5 faiz daha azdır. Bundan əlavə, daha az C-reaktiv zülal və daha yüksək lenfosit səviyyəsinə sahibdirlər.

“Bu araşdırma D vitamininin yetərli olmasının “sitokin fırtınası” və nəticədə COVID-19-un ölümü də daxil olmaqla fəsadların qarşısını ala biləcəyini birbaşa sübut edir”, - tədqiqatın rəhbəri Maykl Holik bildirib.

Mütəxəssis qanda lazımlı D vitamini miqdarı ilə koronavirus infeksiyası riskinin 54 faiz azaldığını və vitaminin yalnız COVID-19-la deyil, mövsümi qrip də daxil olmaqla yuxarı tənəffüs yolları xəstəliklərinə səbəb olan digər viruslarla mübarizə aparacağını vurğulayıb. Holik qrip və koronavirus birləşməsinin ölüm sayını kəskin şəkildə artırmasına və xəstəliyin gedişatını çətinləşdirə biləcəyinə dair narahatlıqların olduğunu söyləyib. Bu səbəbdən də xüsusilə qış aylarında yeni tip virus və qripə yoluxma riskini azaltmaq üçün D vitamini əlavələri qəbul etməyi məsləhət görüb.

Aytən Məftun