Ermənistanın hərbi-siyasi rəhbərliyi bu əməlinə görə cavab verəcək - Deputat

18 Oktyabr 2020 10:21 (UTC+04:00)

“Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin açıqladığı qələbə xəbərləri düşmənin törətdiyi terrorların və vəhşiliklərin əsl cavabıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Rəşadətli Ordumuz addım-addım böyük qələbəyə yaxınlaşdıqca düşmən azğınlaşır və şanlı Ordumuza gücü çatmadığı üçün qisasını mülki insanlardan almaq istəyir: “Ermənilərin şizofrensayağı düşüncəli rəhbərləri hələ də anlamayıb ki, onlar dinc sakinlərimizə qaşı cinayət işlətdikcə xalqımız daha mübariz olur, birləşir və Ali Baş Komandana dayaq dayanır. Bu gün Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalmış Gəncə əhalisi, ümumilikdə, bütün xalqımız heç vaxt olmadığı kimi nikbindir, torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların məntiqi sonluğadək davam etdirilməsini istəyir və tələb edir.

Deputat vurğulayıb ki, ermənilərin dinc insanlarımızın yaşadığı yaşayış məntəqəsi və Azərbaycanın ikinci böyük şəhəri Gəncə şəhərinə ballistik raketlərin atılması hərbi cinayətdir: "Beynəlxalq konvensiyalarda dinc əhaliyə qarşı ballistik raketlərin işlədilməsi qəti qadağandır və müharibə cinayəti sayılır. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcəkdir. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır. Ordumuz düşmənin hər gün onlarla hərbi texnikasını və yüzlərlə canlı qüvvəsini məhv etməklə törətdikləri bu cinayətlərin cəzasını verir, qarış-qarış torpaqlarımız işğaldan azad olunur. Ərazi bütövlüyümüz təmin olunandan sonra isə dinc əhaliyə qarşı törətdikləri bütün bu cinayət əməllərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq məhkəmə tribunaları qarşısında cavab verəcək”.

Akqabay Mıradov