Kəlbəcərin işğaldan azad edilməsi iqtisadiyyatımıza böyük töhfədir - Deputat

25 Noyabr 2020 18:37 (UTC+04:00)

“Kəlbəcərin Azərbaycana qaytarılması, ordumuzun indi orada olması bizim üçün böyük uğurdur. Bu, tarixi gündür və qələbənin göstəricisidir. Heç bir güllə atılmadan, şəhid vermədən tarixi torpağımızı geri qaytarırıq. Bütün bunlar Ali Baş Komandanımızın apardığı düzgün və uğurlu siyasətin göstəricisidir”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, güclü ordumuz döyüş meydanında qələbəyə nail oldu: “Bu, Azərbaycan Ordusunun məhsuludur. Ali Baş Komandanın da qeyd etdiyi kimi, döyüş meydanındakı qələbəmizi siyasi meydana da köçürə bildik. Bu, eyni zamanda Ali Baş Komandanın dəmir yumruğunun göstəricisidir. Bəziləri tərəddüdlə yanaşırdı ki, ermənilər öz xoşları ilə torpaqları bizə qaytarmayacaqlar, hiylə işlədəcəklər. Amma zaman onu göstərir ki, cənab Prezidentin dəmir yumruğunun qarşısında ermənilər tam məhv olub, onların heç bir hiyləsi işə yaramır və torpaqlarımız bizə qaytarılır”.

A.Badamov qeyd edib ki, Kəlbəcərin ölkəmiz üçün çox böyük tarixi, mənəvi və siyasi əhəmiyyəti var: “Mənəvi-siyasi əhəmiyyəti ondadır ki, Kəlbəcər Azərbaycanın ən böyük rayonudur və ümumi Qarabağın qayıtması deməkdir. İqtisadi əhəmiyyəti isə ondan ibarətdir ki, bu region kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı zəngin potensiala malikdir. Həm də Kəlbəcər yeraltı və yerüstü sərvətlərlə zəngindir. Azərbaycan Kəlbəcəri qaytarmaqla öz sənayesinin yeni çalarlar üzərində qurulması imkanı əldə etdi. Bu rayonun işğaldan azad edilməsi iqtisadiyyatımıza böyük töhfədir və dövlətimizin daha da güclənməsində xüsusi rol oynayacaq. Bilirik ki, uğurlarımız həm də güclü iqtisadiyyatımızın hesabına əldə edilib. Ulu öndər də həmişə qeyd edirdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu gün əldə edilən böyük meydandakı uğurlar da məhz bunun göstəricisidir. Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi müstəqillik bütün cəbhələrdə qələbəmizin təminatçısına çevrilib”.

Akqabay Mıradov