Çox çətin işlər gözləyir bizi...

28 Noyabr 2020 17:55 (UTC+04:00)

Aynur Camalqızı

İnsan evini necə tanıyar? Doğulduğu, böyüdüyü, xatirələrinin yuvası olan yüzillik, minillik Evini?..

Məsələn, mən 17 yaşımdan tərk etdiyim kəndimizi, evimizi gözüyumulu taparam. Çünki yolları var, küçələri var, ağacları var, daşları var. Xatirələri dipdiridir. Hamısı tanış... Hamısı doğma...

Bəs işğaldan azad olunan şəhərlərdəki, qəsəbələrdəki, kəndlərdəki evlərimizi necə tapaq, necə tanıyaq? Axı artıq orda - o yerlərdə ev yoxdur, küçə yoxdur, yol yoxdur... Ən ağrılısı, Ağaclar yoxdu... Qırıblar, yandırıblar. Evlərimizi, yuvalarımızı dağıdıblar... Yerlərində qapqara torpaq boylanır. Küskün, xəcalətli, üzgün, yorğun... Adam fotolarına baxa bilmir o onların... Başı kəsik kötüklərin... Başı kəsik Gözəl Kötüklərin... Rəngi solmuş, gözləri süzgün torpağın...

İllər öncə ev olmuş yuvaların külünə baxmaq adamın qanını dondurur.

Biz uşaq olanda böyüklər deyərdi ki, quşların yuvasını dağıtmayın, qarğışı tutar sizi... Amma bizim yuvalarımızı dağıtdılar... Barbarcasına... Adamlarımızı qırdılar... Sonra Ağaclarımızı qırdılar.. Sonra Evlərimizi yandırdılar...

O evlərdə nə xəyallar, nə arzular, nə xatirələr, nə şəkillər yandı...

Biz indi torpağı xilas etmişik. Amma üstündə ev yoxdur, ağac yoxdur, çox şey yoxdur...

Ağacların ruhu var, onları qırmaq günahdır...

Evlərin enerjisi var, onları dağltmaq günahdır...

Heçmi anlamadılar barbarlar?.. Heçmi anladan olmadı ki, qırmayın Ağacların qollarını, yandlrmayın Evlərin ruhunu, lənətindən qurtula bilməzsiniz. Onların da ürəyi var. Qırmayın o ürəyi...

İndi biz hər şeyi yenidən yaratmalıyıq. Lap əvvəldən, ən ilkinindən... Qəbirlərimizi tapmalıyıq qəlbimizlə... Küçələrimizi tapmalıyıq hissimizlə... Evlərimizin yerini müəyyən etməliyik duyğumuzla...

Çox çətin işlər gözləyir bizi... Müharibə kimi çətin və ağır... İtirdiyini arayıb tapmaq, xatirələrinin, xəyallarının, arzularının yerindəki torpaqla görüşmək, söhbətləşmək, dərdləşmək... Nə deyəcəklər, nədən şikayətlənəcəklər? Əllərimizdən tutacaqlarmı? Üzümüzü üzlərinə sürtməyə izn verəcəklərmi? Gözlərindən öpməyə... razı olacaqlarmı?

Yağış yağacaq, gün qurudacaq, yaralar qaysaqlanacaqmı?..

Biz lap əvvələ, ömrümüzün ən ilkininə - Daş dövrünə, Ağac dövrünə, Torpaq dövrünə qayıdırıq. Qarabağı yaratmağa qayıdırıq... Qurmağa, yaratmağa...

Çox çətindir. Amma fərəhlidir. Biz bizim olanlara sahiblənirik. Sahiblənmək, haqlı olmaq, ədalətli olmaq nə gözəldir... Günəşin doğuluşunu seyr etmək nə gözəldir....

Qarabağ olmaq nə gözəldir...