Manukyan baş nazir olmadan ilk tarixi səhvini buraxdı

9 Dekabr 2020 10:35 (UTC+04:00)

Ermənistan müxalifətinin baş nazirliyə namizəd irəli sürdüyü Vazgen Manukyan xalqa müraciət edib.

Publika.az xəbər verir ki, müxalifətin hazırda apardığı hərəkat erməni xalqını məğlubiyyət damğasından xilas etmək üçün hazırlanmış ləyaqət hərəkatıdır.

O, paytaxt İrəvan və digər bölgələrdə baş nazir Nikol Paşinyanın istefa tələbi ilə keçirilən etiraz aksiyalarını təhlükəsizlik, ləyaqət və gələcək üçün aparılan ləyaqətli mübarizə adlandırıb.

Manukyan mövcud rejimin lideri ilə birlikdə niyə getməli olduğunun artıq izaha ehtiyac olmadığını söyləyib: "Rüsvayçı təslim olandan sonra başqa bir şey ola bilməz. Xalqın dəstəyi ilə müxalifət yeni milli razılıq hökuməti quracaq, aktual məsələlərlə məşğul olacaq, yeni seçkilər hazırlayacaq․ Mövcud siyasi böhranda parlamentin sabitləşdirici rolunu vacib hesab edirəm. Sarsıntılar istəmirik. İctimai həmrəyliyə ehtiyacımız var. Nifrət və zəhərli atmosfer keçmişdə qalmalıdır".

O, hüquq-mühafizə orqanlarını məğlub hökumətin əlində siyasi alətə çevrilməməyə çağırıb.

Qeyd edək ki, Qarabağla bağlı atəşkəs razılaşmasına etiraz olaraq Nikol Paşinyanın hökuməti ilə birgə istefası tələbi ilə 17 müxalifət partiyası 10 noyabrdan bəri etiraz aksiyaları keçirir.

Vazgen Manukyan bu açıqlaması ilə hakimiyyətə gəlməmişdən ilk tarixi səhvini buraxmış oldu. Hər bir erməni kimi o da anlamır və anlamaq istəmir ki, Rəşadətli Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək uğrunda apardığı hərəkat Ermənistanın tarixi məğlubiyyəti ilə başa çatıb və dünya hərb tarixinə düşən əməliyyatlarla əsrlərlə yaddaşlarda yaşayacaq. Buna görə də nə Ermənistan "məğlubiyyət damğası"ndan xilas ola biləcək, nə də Qarabağın reallıqları unudulacaq.

Zümrüd