Könüllülərin sığortalanması bu cür aparıla bilər - Ekspertlərdən TƏKLİF

30 Dekabr 2020 15:54 (UTC+04:00)

Könüllülərin əməyindən hazırda əksər sahələrdə istifadə olunur. “ASAN xidmət” mərkəzlərindən tutmuş, digər sosial sahələrə, həmçinin idman və mədəniyyət tədbirlərinə könüllü gənclər cəlb olunur. Hazırda ölkəmizdə könüllülərin ən çox çalışdığı sahələrdən biri də səhiyyə sektorudur. Pandemiya xəstəxanalarında yüzlərlə gənc işləyir. Ancaq onların iş zamanı bu virusa yoluxacağı və digər bədbəxt hadisə baş verəcəyi halda hər hansı kompensasiya ilə təmin ediləcəyi sığortalanmayıb. Ekspertlərin sözlərinə görə, səhiyyə müəssisələrində çalışan könüllülərin bədbəxt hadisələrlə üzləşmə riski daha çoxdur. Belə olan halda könüllü şəxslərin sığortalanması məsələsi gündəmə gəlir.

Mövzu ilə bağlı Publika.az-a danışan sığorta eksperti İlkin İbrahimov deyib ki, istehsalatda baş verən bədbəxt hadisələrlə bağlı icbari sığorta könüllülərə aid edilmir.

Onun sözlərinə görə bu, könüllülərə aid edilmədiyi üçün könüllü kimi çalışan gənclərə bədbəxt hadisə baş verəndən sonra heç bir kompensasiya ödənilmir: “Konkret olaraq onlar istehsalatda işlədikləri zaman hadisə ilə üzləşirlər. Belə hallar da istehsalatda baş verən hadisələr tipinə daxildir və sığorta kompensasiyası həmin şəxslərə verilə bilər. Hazırda isə könüllü fəaliyyət göstərənlərin heç biri sığortalanmır. TƏBİB-in və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin könüllüləri, eyni zamanda bütövlükdə səhiyyə sektorunda çalışan könüllülər hazırda müəyyən risk qrupa daxildir. Çünki onlar COVID-19 olan xəstələrlə təmasda olurlar və risk qrupu daha genişdir”.

Ekspert qeyd edib ki, bununla bağlı qanunun qəbul edilməsi müsbət hal olardı: “Yaxşı olardı ki, bu tip sığorta paketləri könüllülərə də aid edilsin. Çünki könüllü fəaliyyət göstərən şəxsin demək olar ki, gəliri yoxdur. Əksəriyyəti isə tələbələrdir. Onlara könüllü işləyə-işləyə müəyyən məbləğ verilir. Qanunda qeyd edilib ki, istehsalatda baş verən bədbəxt hadisələr zamanı zərərçəkən müəyyən məbləğ almalıdır. Belə olan halda könüllülərə də müəyyən məbləğ ayırıb onları risk qrupundan sığortalamaq olar. Onlar da gələcəkdə baş verən müəyyən risklərdə kompensasiyalar almalıdırlar ki, vərəsələri və ya özləri sosial problemlərini həll edə bilsinlər”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, könüllülərlə bağlanan müqavilələr tamam fərqli olduğuna görə onların sığortalanması problemə çevrilib: “Bu problem uzun müddətdir ki, aradan qaldırılmır. Çünki müxtəlif könüllü təşkilatlar var ki, fəaliyyət göstərirlər. Hazırda onlar xəxtəxanalarda virusa yoluxmadan tutmuş, travmalara, xəstəliklərə və digər təhlükələrə qədər bir sıra problemlərlə qarşılaşa bilirlər. Qanunvericilikdə bununla bağlı çox ciddi dəyişikliyə ehtiyac var. Və yaxud da Nazirlər Kabinetinin müvəqqəti qərarı da ola bilər ki, məsələn, bir il müddətinə könüllülərlə müqavilə tipinin dəyişdirilməsi ilə bağlı hansısa müvəqqəti qərar qəbul edilsin”.

N.Cəfərli hazırda qanunvericilikdə dəyişikliyin edilməsinin daha çətin prosedur olduğunu deyib. Ancaq bu məsələ Milli Məclisin növbəti iclaslarında müzakirə edilə bilər: “Parlamentin payız sessiyası bitdi. Ona görə də qanunvericilik təşəbbüsünə qalsa bu, növbəti ilə, yaz sessiyasına qalacaq. Ona görə də müvəqqəti olaraq Nazirlər Kabinetinin qərarı ilə də bu məsələni həll etmək olar. Bundan sonra qanunvericilikdə dəyişiklik edilməsi daha rahat həyata keçirilə bilər. Bu, çox vacib məsələdir. Çünki könüllülərin sığortalı olması, baş verəcək bədbəxt hadisələrdən, müxtəlif məsələlərdən özlərini sığortalaması mühümdür. Bu, könüllük institutunun daha da genişlənməsinə və bu işə qoşulan gənclərin sayının çoxalmasına gətirib çıxaracaq bir faktora çevrilə bilər”.

Akqabay Mıradov