20 Yanvar həqiqətləri fransızlara çatdırıldı - FOTO

21 Yanvar 2021 02:12 (UTC+04:00)

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) və ALİM elmi təşkilatının dəstəyi ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin 20 Yanvar xatirələri mövzusunda vebinar keçirilib. Günel Səfərovanın moderatorluğu ilə baş tutan vebinar fransız dilli auditoriya üçün nəzərdə tutulduğundan əcnəbi izləyicilərin böyük marağına səbəb olub.

Publika.az bildirir ki, AFAJ Azərbaycan Fransa Gənclik Assosiasiyasının rəhbəri Kəmalə Gülməmmədova vebinarla bağlı fikirlərini bildirib.

O, qeyd edib ki, Deqatinin çəkdiyi fotolar, həmçinin qanlı Yanvar xatirələri 30 il əvvələ, sülhün bərqərar olub, uşaq dünyamızın yıxıldığı o şanlı tarixə nostalji səyahətdir.

O vəhşət törədiləndə cəmi 11 yaşım vardı. Baş verənlərdən xəbərsiz idim. Televiziya qülləsinin partlasılmasını xatırlayıram. Atamin gecənin bir yarısı evə dönməyini, yaralıları Salyan kazarmasından Semashko xəstəxanasına avtobusla çatdırmağından və baş verənlərdən bizi məlumatlandırdığını xatırlayıram.

Mənə ən çox acı verən isə həmyaşlarım Larisa Məmmədova (12 yaş), Ilqar Ibrahimov (13 yaş) ve Vera Bessantinanın (17 yaş) qətlə yetirilməsi idi. Sovet tərbiyəsi aldığımdan, uşaqları öldürməyi, günahlandırmağı ağlıma sığışdıra bilmirdim. Biz parlaq günəş altında sülh içərisində yaşayırdıq, kapitalist dünyanın uşaqlarına yazığımız gələrdi. İkinci Dünya Müharibəsi bizə o qədər uzaq idi ki, bir gün özümüzün də savaşın qurbanı olacağımız xəyalımıza da gəlmirdi. Xüsusən də Ana Vətən dediyimiz SSRİ tərəfindən...

Bir gün sülh kəlməsinə həsrət qalacağımızı, onu bərqərar etmək üçün minlərlə qurban verəcəyimizi düşünə bilməzdik.

Hətta uşaq düşüncəni narahat edən bir məsələ var idi. Niyə Bakıya qəhrəman şəhər statusu verilmir? Halbuki SSRİ-nin faşist Almaniyası üzərində Bakı nefti sayəsində qələbə çalmışdı.
Həmin gecədən 31 il ötür. İndi əsrlər boyu başımıza gələn müsibətlərin planlı həyata keçirilməsini daha aydın dərk edirik. 44 günlük müharibədən sonra 20 yanvarı yenidən yaşamaq ikiqat ağır və şətəflidir. Çünki məncə, bizim azadlıq mübarizəmizin təməli məhz 20 yanvarda qoyulmuşdu.

Leyla Sarabi