Baş nazir yeni komissiya yaratdı - SƏRƏNCAM

3 Fevral 2021 19:42 (UTC+04:00)

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Hökumətdən Publika.az-a verilən məlumata görə, sərəncamda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.

Sərəncama əsasən, Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştiraklı ilə komissiya yaradılıb.

Komissiya “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.

Komissiyanın tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri:

Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavini:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.

Müəyyən edilib ki, komissiya “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

Strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etsin;

15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etsin:

-Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması;

-qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı.

3.3. Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etsin;

-görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etsin;

bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikası İqtisadi Şurasının Katibliyinə tapşırılıb ki, Strategiyadan irəli gələn məsələlərin Azərbaycan Respublikasının İqtisadi Şurasında mərhələlərlə müzakirə olunması üçün iş planında nəzərə alsın və Şuranın fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində zəruri işlər görsün.

Komissiyada təmsil olunan və digər aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə lazımi məlumatların təqdim olunması və Strategiyanın aidiyyəti bölmələrinin hazırlanmasının təmin edilməsi üçün müvafiq tədbirlər görsünlər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.