Məşhur müğənni itirdiyi dostu haqqında: "O insan məni əsl ilahə olduğuma inandırmışdı"

5 Fevral 2021 17:04 (UTC+04:00)

Bir müddət əvvəl qonaq olduğu verilişdə “Kafedə qabyuyan işləmək istədim, götürmədilər” etirafı ilə diqqət çəkən müğənni İlahə Fədanın maddi problemləri hələ də davam edir.

Bununla belə Publika.az-a müsahibə verən sənətçi işsizlikdən başqa heç bir şikayətini dilə gətirməyib.

- İlahə xanım günlərinizi necə keçirirsiniz?

- Günlərimi səmərəli və məhsuldar keçirdiyimi deyə bilmərəm, sən zəng etməzdən əvvəl oturmaqdan mürgü vururdum, işsizlikdən yorulmuşam.

- Xalq artisti Tünzalə Ağayevə TƏBİB-i sərt tənqid etmişdi. Sizcə, təsiri olacaq?

- Konsert və tədbirlərin keçirilməsinə icazə veriləcəyi barədə bir fikir söyləmək çətindir, bu Operativ Qərargahın verdiyi qərarlardan asılıdır. İstənilən halda bir həmkar kimi Tünzalə xanımın addımını alqışlayıram, tamamilə haqlı və yerində edilmiş müraciət idi. Konsert tədbirlərinin, toyların keçirilməsinin qadağan olması sadəcə musiqiçiləri çıxılmaz durumda qoymayıb, toydan pul qazanan tək müğənnilər deyil, bu, iqtisadi bir zəncirdir. Toylar başlasa, həm gözəllik salonlarında çalışanlar, həm aşpazlar, həm də digər restoran işçiləri evlərinə çörək aparar. Toy etməyi gözləyən gənclərimiz var. İnsanlar da stress altındadır.

- Yəqin ki, pandemiya sizin üçün ikiqat ağır olar. Çünki ondan əvvəl çətin bir sınaqdan keçmişdiniz. Belə bir vəziyyətdə ruh halınızı necə qoruyursunuz?

- Həqiqətən də bacım həbsxanadan çıxdıqdan sonra rahat nəfəs almağa imkan olmadı, pandemiya başladı. O qədər zəif insan deyiləm ki, günlərlə depressiyaya düşüm. Amma müəyyən anksiyetelər yarandı, heç vaxt sabah nə olacağını düşünməmişəm, amma indi narahatam ki, görəsən sabah başımıza nə iş gələcək. Bu da təbii prosesdi, dişimizi sıxıb oturmuşuq, görək nə olur.

- Elgiz bəyin verilişində qonaq olarkən söylədiniz ki, iş üçün bir kafeyə müraciət etmisiniz. Lakin sizi işə götürməyiblər. Əslində sevindim ki, nə yaxşı alınmayıb. Sizi daha yüksək yerlərdə, parlaq səhnələrdə görmək istərdik.

- Orta məktəbi bitirəndən bəri pul qazanıb ailəmi saxlamışam, bacılarıma, anama baxmışam. Həmişə işgüzar və zəhmətkeş olmuşam. Odur ki, o kafedə işləyib pul qazanmağı özümə ayıb bilmirəm. İki diplomum var, həm Koorperasiya Universitetini, həm də Konservatoriyanı bitirmişəm. Fikirləşdim ki, iki diplomumdan yarıya bilmədim, heç olmasa fəhləçilik edim, o da alınmadı.

- Maddi çətinlikləriniz davam edir?

- Əlbəttə, yaxşı ki, dəyərli dost-tanışlarımız var. Heç bilmirəm ki, onlarsız nə edərdim.

- Layiq olduğunuz dəyəri görmürsünüz.

- Nəyə qadir və layiq olduğumu özlüyümdə bilirəm. Bir əqidəm var ki, o cizgidən kənara çıxmıram. O həddi aşsam, özümə hörmətim olmaz. Nəyə layiq olduğumu zaman göstərəcək, ola bilsin ki, bu gün elə görünməsin. Amma əminəm ki, haqq yolundayam, əqidəmdən dönmək fikrim yoxdur.

- Görünən odur ki, həyat sizdən həm də fədakar olmağı çox tələb edib.

- Elə uşaqlıqdan həyatım belə gətirdi, həmişə mübarizə içindəyəm. Yaddaqalan və gözəl illərim çox az olub. Hər halda şikayətçi deyiləm, Allah bağına baxıb bar verir. Sınaqlardan üzüağ çıxmağı bacarıram.

- Ananız şəkər xəstəsi idi. Onun müalicə xərclərini necə ödəyirsiniz?

- Həm şəkər xəstəsidir, həm də ürək problemləri var. Pandemiya ilə bağlı yaranmış problemlər tək bizdə deyil, dünyanın hər yerində oxşar vəziyyətdir. Dua edirəm ki, təki anamın canı sağ olsun, bu çətinlik müvəqqətidir.

- İlahə və Fəda adının və təxəllüsünün öz çəkisi var. Bu iki sözün yükü həyatınıza ağırlıq gətirmir ki?

- Adımın ağırlığını həmişə hiss etmişəm. İlahə tanrıça, müqəddəs varlıq və mələk deməkdir. Zənnimcə, İlahə ilə Fəda bir-birini balanslaşdırır.

- Sizə mələk olduğunuzu hiss etdirən insanlar var?

- Olub... O insan 2011-ci ildə 42 yaşında dünyasını dəyişdi. Düşünürəm ki, bu, hər insanın həyatında bir dəfə yaşanır. O insan məni sözün əsl mənasında ilahə və mələk olduğuma inandırdı. O günlərin xatirəsi bir ömürlük bəsimdir. Bu duyğunun təkrarı yoxdur.

- O duyğunun təkrarı olmasa da, dərin bir boşluq qoyduğunu inkar edə bilmərik.

- Əlbəttə ki, həm ən dəyərli dostumu, daha sonra Qumru nənəmi itirdim. İkisinin yaratdığı boşluğu hiss edirəm. Hər çıxılmaz duruma düşəndə istəyirəm ki, nənəmdən bir-iki məsləhət alım. Qumru xanım ginekoloq olub, çox hörmətli, ziyalı, əqidəli və diqqətli bir xanım idi. Quran ayələrini bizə nənəm öyrətmişdi, hərtərəfli özünü inkişaf etdirmiş bir qadın idi.

- Necə bir insana çevrilməkdən qorxursunuz?

- Güclü qadın olsam da, qorxularım az deyil. Amma mən qorxularımla üzləşməyi xoşlayıram, problemlərdən qaçmıram. Allahdan başqa heç kimdən qorxmadığımı desəm, banal səslənəcək, əslində bu sözü deyənlərin çoxu özü qorxaqdır. Ən dəhşətlisi əzizlərini itirməkdir.

- Sizcə, pandemiyadan sonra toylar yenə əvvəlki qaydada dəbdəbəli keçiriləcək?

- Bizdə toylar dəbdəbəli yox, çox biabırçı qaydada keçirilir. Xərclənən israfçılığa dəbdəbə deməyə dilim gəlmir. Qonşu qonşuya baxar, özünü odlara yaxar məsəli burada yerinə düşər. Hələ Laçında yaşayarkən toylar 3 gün, 3 gecə olardı, amma onda belə biabırçılıqlar yox idi. Məncə, pandemiyadan sonra belə biabırçılıqlara da yol verilməyəcək. Qohum-əqrəba toya ona görə dəvət olunur ki, yeni yuva quran gənclərə kömək etsin. İndi evlənənlər xərcin-borcun içində qalır, çoxu da bir ildən sonra boşanır.

Digər bir xoşagəlməz məsələ toyda ifa olunan musiqilərlə bağlıdır, hələ bu kişilər nə qədər oynayır, qadınlara imkan vermirlər. Köhnə toylarda gözəl mahnılar oxunardı. Düşünürəm ki, o vaxt toylarda əsl sənət göstərmişik.

- Bacınız üçün darıxırsınızmı? Siz də Moskvaya getmək istəmirsiniz?

- Hər gün videogörüntü ilə danışıb ünsiyyətdə olsaq da, canlı görüşün yerini vermir. Əlbəttə darıxıram, getməyi düşünürdüm, bəzi səbəblərdən alınmadı. İnşallah Novruz ərəfəsində alınarsa, bəlkə Fədayə Bakıya gəldi.

- İşləri necədir?

- Orda karantin qaydaları Azərbaycandakı kimi sərt deyil. Restoranlar fəaliyyətinə icazə verilir, toylar və məclislərdə çıxışları olur.

Aytən Məftun