Kürün suyunun bölüşdürülməsi ilə bağlı iş gedir - Şöbə müdiri

9 Fevral 2021 17:22 (UTC+04:00)

"Keçən il Kür çayının sululuğu bizi narahat etdi, bununla bağlı çətin vəziyyət yaşadıq. Neftçala rayonunda su çatışmazlığı yaranmışdı. Hazırda Kür çayının suyuna mütəmadi nəzarət olunur, səviyyə ölçülür, dinamika öyrənilir və lazımi tədbirlər davam etdirilir".

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov "Ekspert saatı"nda deyib.

Şöbə müdiri qeyd edib ki, Kür çayının suyunun bölüşdürülməsi ilə bağlı saziş yalnız Gürcüstanla sona yetməyib: "Çünki hazırda saziş üzərində işlər gedir. Bu işlər Xarici İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Nazirlər Kabinetinin nəzarətindədir. Kür çayının suyunun bölüşdürülməsi və idarə edilməsi ilə bağlı Türkiyə tərəfi ilə də danışıqlar aparılır. Saziş olmayan yerdə suya qənaətdən danışmaq suyun bölgüsü ilə bağlı anlaşmazlıqlara gətirib çıxarır ki, bu da yolverilməzdir. Biz bu sahədə Gürcüstanla saziş layihəmizi yekunlaşdırmağa çalışırıq".

M.Əbdülhəsənov bildirib ki, hazırda Mingəçevir su anbarında suyun səviyyəsi ötən ilkindən 1 metr 16 santimetr yüksəkdir: "Bu, 500 milyon kubmetrə yaxın su ehtiyatı deməkdir. Keçənilki tədbirlər çərçivəsində Mingəçevirdə sudan istifadənin nizamlanması və rejimin müəyyən edilməsi səbəbindən sulara qənaət edə bildik və bu sular artıq bizim su anbarlarımızda formalaşıb. Yaxın gələcəkdə biz yaz aylarını yaşayacağıq, bu toplanan sular anbarlarda əlavə suyun yığılmasına səbəb olacaq".

Akqabay