Prezident bu qanunlara dəyişiklikləri təsdiqlədi

27 Fevral 2021 16:17 (UTC+04:00)

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həmin Təlimata müvafiq dəyişikliklər etsin;

- Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

xxx

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Sənədə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakı dəyişikliklər edilib:

- 29-cu maddənin altıncı hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 29-cu maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.”;

- Aşağıdakı məzmunda 31-1-ci maddə əlavə edilsin:

“Maddə 31-1. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun və haqqın tutulmasının xüsusiyyətləri

Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.”;

- 36-cı maddənin birinci hissəsinin ikinci cümləsində “kağız daşıyıcısına keçirilərək” sözləri “kağız daşıyıcıya keçirilərək bu Qanunun 31-1-ci maddəsi nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin.

Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.

xxx

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

- 10.18-ci maddədə “2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə” sözləri “1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə” sözləri ilə əvəz edilsin;

- 11.1.5-ci maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.1.6-cı və 11.1.7-ci maddələr əlavə edilsin:

“11.1.6. notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə;

11.1.7. digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə.”.

Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.