Azərbaycan və ərəb ölkələri: diplomatik və iqtisadi əlaqələr

28 Fevral 2021 12:25 (UTC+04:00)

Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra onun qarşısında bir çox mühüm vəzifələr dayanırdı. Bu sırada ən öndə olan vəzifə müstəqil Azərbaycan Respublikasını dünyaya tanıtmaq idi. Təbii ki, bunun üçün də düzgün və ölkənin maraqlarına xidmət edəcək xarici siyasət kursu həyata keçirmək zəruri sayılırdı.

Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən ayrı-ayrı siyasi qüvvələr, hakimiyyətlər həqiqətən də bu siyasəti düzgün həyata keçirə, müstəqil Azərbaycanın xarici siyasət konsepsiyasını müəyyənləşdirə bilmədilər. Həm siyasi hakimiyyətlərin səriştəsizliyi, həm də yaxın və uzaq ölkələrlə normal xarici əlaqələrin qurulmaması bu illərdə Qarabağda baş qaldıran erməni separatizmi və işğalçılıq siyasətinin də dünyaya çatdırılmasında ciddi əngəllər yaradırdı. Bu mənfi tendensiya ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsinə qədər davam etdi. Qeyd edilən tarixdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev bütün istiqamətlərdə olduğu kimi xarici siyasət sahəsində də yeni dövrün tələblərinə uyğun şəkildə addımlar atmağa, siyasət həyata keçirməyə başladı. Bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edən Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də xüsusi diqqət yetirir, Bakı ilə müsəlman aləmi arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini zəruri hesab edirdi.

İslam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi və Heydər Əliyev bunu yaxşı dərk edirdi. Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini münaqişədir və Azərbaycan Dağlıq Qarabağda xristian dinindən olan erməniləri orada sıxışdırmaqla məşğuldur. Buna qarşı isə guya Qarabağda yaşayan ermənilər öz haqlarını tələb edirlər. Ona görə də Dağlıq Qarabağ probleminin dini münaqişə olmadığını sübut etmək üçün Azərbaycana İslam aləminin siyasi dəstəyi vacib idi. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən azərbaycanlı qaçqın və məcburi köçkünlərin zəruri ehtiyaclarını tamamilə ödəmək yenicə müstəqillik əldə edən Azərbaycan dövlətinin iqtisadi imkanları xaricində idi. Mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı, İslam fondları, yardım cəmiyyətlərini də bu prosesə cəlb etmək, onların qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri xüsusi əhəmiyyət kəsb edirdi.

Müstəqil Azərbaycan Respublikasının prezidenti kimi ərəb ölkələrinə ilk rəsmi səfər edən Heydər Əliyev İki Müqəddəs Ocağın Xadimi Kral Fəhd, İslam Konfransı Təşkilatı, İslam İnkişaf Bankı, İslam Aləmi Liqasının rəhbərləri ilə danışıqlar aparmaqla bərabər, müqəddəs Kəbəni də ziyarət edib.

Həmin ilin sentyabrında Misirə səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Qahirənin də siyasi dəstəyini ala bilir və iki ölkə prezidentlərinin görüşünün nəticələrinə dair verilən bəyanatda Misirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı əksini tapır.

Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan dostluğu parkı salınıb, bu parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb, həmin vilayətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adına məktəb açılıb. Bunun qarşılığında Abşeron rayonunda Azərbaycan-Misir dostluğu parkı salınıb, Firon dövründə yaşamış bir yazarın heykəli ucaldılıb, burada Misir məktəbi istifadəyə verilib.

Hər iki ölkə bir-birini beynəlxalq təşkilatlarda dəstəkləyir. Misir Ərəb Respublikasının Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə göstərdiyi dəstəyinə cavab olaraq Azərbaycan Respublikası da Misirin bu Şuranın qeyri-daimi üzvlüyünə seçilməsinə dəstək verib.

Azərbaycanın və İordaniyanın ali rəhbərləri iki dəfə - 2000-ci ilin yanvarında Davos Ümumdünya İqtisadi Forumunda və 1994-cu ilin dekabrında İKT-nin Kasablanka zirvə toplantısında təkbətək görüşüblər. Görüşlər zamanı Azərbaycan Respublikasının prezidentı Heydər Əliyev ilə İordaniya Kralı II Abdullah ikitərəfli münasibətlərin inkişafı məsələlərini geniş müzakirə edib.

Sonrakı illərdə digər müsəlman ölkələrinə baş tutan səfərlər, Heydər Əliyevin İslam dünyası ilə qurduğu sıx əlaqələr, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirilməsi istiqamətində atılan addımların nəticəsi idi ki, 1997-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatı) Zirvə görüşündə təşkilat tərəfindən Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair qətnamə qəbul edilib. Həmin sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin surətdə pislənilib, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzə son qoyulması tələb olunub, bir daha qeyd edilib ki, zor gücünə ərazi ələ keçirilməsi yolverilməzdir.

Azərbaycanın müsəlman aləmi, İslam dünyası ilə əlaqələrinin genişləndirilməsi, inkişaf etdirilməsi ölkəmizdə mövcud olan dini tolerantlığın, eyni zamanda İslami dəyərlərə yüksək səviyyədə diqqət və qayğının bu coğrafiyaya çatdırılması baxımından da əhəmiyyətli idi.

Azərbaycan müsəlman aləminin bir üzvü, müsəlman ölkəsi olduğu üçün günümüzdə də bu coğrafiyaya daxil olan ölkələrlə əlaqələr yüksək səviyyədə inkişaf edir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də müsəlman ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir. Dövlət başçısının hakimiyyətdə olduğu ötən 18 ilə yaxın müddətdə müsəlman ölkələrinə həyata keçirdiyi səfərlər, əldə edilən ikitərəfli razılaşmalar fonunda bütün bunları aydın görmək mümkündür. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olub. BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-yə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

Küveyt Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrin yaradılmasına və inkişafına maraq göstərir. Bu məqsədlə Bakıya gəlmiş Küveytin maliyyə naziri Azərbaycana böyük məbləğdə kredit verməyə hazır olduğunu bildirib. O, həm də qeyd edib ki, Küveyt kapital qoyuluşundan əlavə Azərbaycana dünya standartları səviyyəsində mütərəqqi texnologiyalar da təklif edə bilər. Bundan sonra əməkdaşlığın başlanması üçün müvafiq infrastruktur, o cümlədən, avtomobil və hava nəqliyyatı, telefon rabitəsi yaratmaq məqsədilə tərəflər razılığa gəliblər.

Azərbaycan və İraq aarasında diplomatik əlaqələr 90-cı illərdə qurulub. İki ölkə arasında müxtəlif sahələrdə təhsil, turizm, iqtisadi və mədəni istiqamətlərdə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur.

Azərbaycan və Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü ilin aprel ayının 22-də qurulub. İki ölkə arasında əlaqələr müxtəlif sahələri özündə əhatə edir. Bura iqtisadi, siyasi, mədəni və təhsil sahələrini əlavə etmək olar.

Günümüzdə Azərbaycanla İslam dünyası arasında yüksək səviyyəli əlaqələrin qurulmasında və daha da inkişaf etdirilməsində rəsmi Bakının atmış olduğu bir sıra mühüm addımlar da önəmli rol oynayıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, dünya dini liderlərinin Bakıda bir neçə toplantısının keçirilməsi və s. bu sıraya aid etmək olar.

Günümüzdə də Azərbaycan İslam dünyasının bir parçası, müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, ayrı-ayrı ölkələrlə siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələri yeni mərhələyə daşıyır. Bu müsbət tendensiya Azərbaycanın İslam coğrafiyasında mövqelərini daha da möhkəmləndirir, onun nüfuzunu artırır.

Haşim Məmmədov

Şərqşünas-Araşdırmaçı