Böyük dövlət xadiminə xas peşəkar xüsusiyyətlər, əsaslandırılmış, məntiqli, səlis cavablar

1 Mart 2021 10:39 (UTC+04:00)

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycanda keçirilən tədbirləri işıqlandırmaq üçün ölkəmizdə olan 30-dan çox xarici KİV nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı 4 saatdan çox davam etdi. Bu müddət ərzində dövlətimizin başçısına 50-yə yaxın sual ünvanlandı. Azərbaycan Prezidenti mətbuat konfransında natiqlik məharətini nümayiş etdirərək bütün suallara səlis, əsaslı arqumentlərlə, məntiqli cavablar verdi, güclü liderlərə, böyük dövlət xadimlərinə xas peşəkar xüsusiyyətləri ilə xarici media nümayəndələrini bir daha heyrətləndirdi.

Təbii ki, mətbuat konfransına nüfuzlu media qurumlarının nümayəndələrinin bu cür marağı da səbəbsiz deyil. Son 17 ildə Azərbaycanın keçdiyi böyük inkişaf yolu, həyata keçirilən irimiqyaslı, qlobal əhəmiyyətli layihələr, regional və beynəlxalq platformalarda əldə edilən nailiyyətlər, Vətən müharibəsində qazanılan Qələbə... Bütün bunlar birmənalı olaraq Azərbaycana, onun liderinə olan böyük hörmət və rəğbəti şərtləndirən əsas amillərdir. Artıq dünya dövlətləri Azərbaycanın gücünü görür və qəbul edir, həmçinin etibarlı tərəfdaş kimi ölkəmizin təşəbbüsü ilə reallaşdırılan layihələrdə iştiraka, Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərirlər. Təbii ki, məhz elə bu amillər regional siyasəti müəyyənləşdirən Azərbaycana beynəlxalq medianın da diqqətini artırıb və mətbuat konfransına olan böyük maraq bunun göstəricisi idi.

İnformasiya cəbhəsində qazanılan növbəti qələbə

Pandemiya səbəbindən onlayn formatda keçirilən mətbuat konfransının Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri olan Xocalı soyqırımının ildönümü günündə təşkil olunması, ilk növbədə, faciə ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması və Ermənistanın xalqımıza qarşı soyqırımı siyasətinin ifşası baxımından mühüm əhəmiyyət kəsb etdi. Digər tərəfdən bu tədbir İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqların müxtəlif media platformaları vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli imkan kimi qiymətləndirilə bilər.

Dövlətimizin başçısı mətbuat konfransına Xocalı soyqırımı ilə bağlı məlumatlar verməklə başladı. Faciə ilə bağlı faktları diqqətə çatdıran Azərbaycan Prezidenti informasiya cəbhəsində növbəti qələbəmizi təmin etmiş oldu: “...mən tam əminəm ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaqdır”.

Təbii ki, aparıcı xarici media qurumlarının nümayəndələrinin ölkənin birinci şəxsi tərəfindən verilən məlumatlar əsasında hazırladıqları informasiyalar Xocalı soyqırımı ilə bağlı həqiqətlərin bütün dünya tərəfindən qəbul edilməsi işində çox böyük rol oynayacaq.

Hər zaman dünyamızda informasiya platformalarının imkanlarından səmərəli istifadə olunması çox böyük önəm kəsb edib. Təcrübə göstərir ki, əgər bu sahədə ləngimə olarsa, o zaman qarşı tərəf bu boşluqdan faydalanaraq saxta informasiyaları dünya ictimaiyyətinə “həqiqət” kimi təqdim edəcək. Misal üçün, 1990-cı illərin əvvəllərində erməni lobbisinin güclü maliyyə dəstəyi ilə aparılan təbliğat sayəsində Ermənistan Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini təhrif edilmiş şəkildə dünya ictimaiyyətinə çatdırırdı. Nəticədə, dünyada Azərbaycan xalqı ilə bağlı mənfi imic formalaşırdı.

Lakin İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan informasiya müharibəsində də qələbə qazanmağı bacardı. Vətən müharibəsi dövründə informasiya siyasətinə birbaşa rəhbərlik edən Prezident İlham Əliyev dünyanın 30-dan çox nüfuzlu media qurumuna müsahibələr verdi. Beləliklə, döyüş meydanı ilə yanaşı, informasiya cəbhəsində də düşmənin bütün təxribatlarının qarşısı alındı, onun yalanları ifşa olundu. Məhz Prezident İlham Əliyevin qətiyyətli, əsaslı arqumentlərə söykənən çıxışları sayəsində bütün dünya Azərbaycan xalqının ədalət uğurunda mübarizə apardığının şahidi oldu.

Ünvanlanan suallara səlis, əsaslı cavablar və önəmli mesajlar

Mətbuat konfransında media nümayəndələrini maraqlandıran əsas suallar İkinci Qarabağ müharibəsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması istiqamətində Qarabağda həyata keçiriləcək layihələr, Ermənistandakı hazırkı vəziyyət, yeni əməkdaşlıq imkanları ilə bağlı oldu. Bu da təbiidir. Azərbaycan 30 il ərzində həllini tapmayan münaqişəni öz gücü hesabına həll etdi. Məhz Azərbaycan Prezidentinin qətiyyəti, güclü iradəsi sayəsində Dağlıq Qarabağ münaqişəsi həllini tapdı. Lakin dünyada hələ də həllini tapmayan münaqişələr var. Bu səbəbdəndir ki, Azərbaycanın bu sahədəki təcrübəsi də bir sıra ölkələr üçün olduqca maraqlıdır.

Bu gün müharibənin bitməsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirib, ordunu gücləndirib yenidən müharibəyə başlamaq barədə düşünürlər. Mətbuat konfransında bu məsələyə də toxunan dövlətimizin başçısı bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq etdi: “Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır”.

Dövlətimizin başçısının bu xəbərdarlığı erməni siyasətçilərini düşündürməlidir. Ermənistanda hakimiyyətdə təmsil olunanlar anlamalıdırlar ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun endirdiyi zərbələr “böyük Ermənistan” uğrunda uydurma ideologiyanın fiaskosu ilə nəticələndi. Ermənistan davamlı inkişaf, dayanıqlı sülh istəyirsə, Azərbaycan Prezidentinin təşəbbüslərinə uyğun olaraq, iddialarından əl çəkməli və yeni reallıqlardan, əməkdaşlıq imkanlarından faydalanmalıdır.

Azərbaycana səfərləri çərçivəsində işğaldan azad edilən torpaqlarda olan xarici media nümayəndələri bu ərazilərin bərpası ilə bağlı da dövlətimizin başçısına müvafiq suallar ünvanladılar. Bu qəbildən olan suallardan birinə cavabında Prezident bunları dedi: “...bizim yarışacağımız əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün gücləri də səfərbər etmişik. Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir. Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq”. Vətəndaşlarımız, keçmiş məcburi köçkünlərimiz əmindirlər ki, hər zaman sözünün imzası qədər qüvvətli olduğunu verdiyi bütün vədlərə sahib çıxmağı ilə sübuta yetirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız ən qısa zamanda bərpa ediləcək və orada vətəndaşlarımızın layiqli həyat şəraiti təmin olunacaq.

Mətbuat konfransında Azərbaycan Prezidenti dünyada vaksinlərin bölgüsü və digər məsələlərlə bağlı mövcud olan ədalətsizliklərdən də danışdı və ölkəmizi narahat edən amilləri açıq şəkildə bəyan etdi. Eyni zamanda, Azərbaycan Prezidenti bölgəmizin perspektiv inkişafı, region ölkələri arasında əməkdaşlıqla bağlı mühüm məqamları qeyd etdi ki, bunu da gələcək birgə fəaliyyətin konturlarının, bölgənin geostrateji strukturunun təqdimatı kimi də qiymətləndirmək mümkündür: “...postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq”.

Ünvanlanan bütün sualları təmkinlə dinləyən və tutarlı faktlarla cavablandıran dövlətimizin başçısı yüksək natiqlik bacarığını, peşəkar siyasi xadim olduğunu nümayiş etdirdi. Dövlətimizin başçısının bu keyfiyyətləri mətbuat konfransında iştirak edən xarici media nümayəndələrini də heyrətləndirdi. Böyük britaniyalı müstəqil jurnalist bunları dedi: “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”.

Dörd saatdan çox davam edən mətbuat konfransında dövlətimizin başçısı liberal-demokratik dəyərlərə sadiq, sülhü və əməkdaşlığı təbliğ edən Azərbaycanın növbəti dəfə uğurlu təqdimatını etdi.

Mətbuat konfransından dərhal sonra Prezident İlham Əliyevin səsləndirdiyi əsas mesajlar beynəlxalq medianın gündəmində, xəbər başlıqlarında yer aldı. Tam əminliklə deyə bilərik ki, 26 fevral tarixli mətbuat konfransı ölkəmizin informasiya cəbhəsindəki mövqelərinin gücləndirilməsi, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində çox önəmli rola malik olmaqla yanaşı, bu istiqamətdəki mövqelərimizi daha da möhkəmləndirdi.

Əsəd Məmmədov

AZƏRTAC-ın redaksiya müdiri