Türkiyədə bu məhdudiyyətlər LƏĞV EDİLİR

2 Mart 2021 04:30 (UTC+04:00)

Türkiyədə koronavirusla mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərin bir qismi ləğv edilir.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında dilə gətirib.

“Restoran, kafe kimi yerlər, yoluxma riski yüksək vilayətlər istisna olmaqla, səhər saat 7-dən axşam saat 19:00-dək 50 faiz tutumla xidmət göstərəcək. Bu kateqoriyaya 64 vilayət daxildir”, - ölkə başçısı bildirib.

Qərara görə, süni örtüklü idman meydançaları və hovuzlar aşağı risk qrupuna daxil olan vilayətlərdə açılacaq. Bu məkanlarda da saat intervalı 9-17 arası təşkil edir.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca isə ölkənin vilayətlərinin risk qruplarına görə bölünmüş xəritəsini bölüşüb.

Xəritəyə görə, ölkə dörd risk qrupuna bölünüb. 14 vilayət aşağı risk qrupuna, 28 vilayət orta risk qrupuna daxil edilib:

“Vilayətlər dəyərləndirmə meyarlarına görə dörd kateqoriyaya ayrılıb. Aşağı riskli (mavi), orta riskli (sarı), yüksək riskli (narıncı) və çox yüksək riskli (qırmızı) olaraq kateqoriyalar müəyyənləşdirildi. Normallaşma addımları buna uyğun atılacaq. Karantin mərhələli şəkildə ləğv ediləcək”.

Risk xəritəsinə görə ləğv edilən məhdudiyyətlər isə belədir:

Həftəsonu məhdudiyyəti aşağı və orta riskli vilayətlərdə tamamilə ləğv edilir. Yüksək və çox yüksək riskli vilayətlərdə bazar günü məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət gecə 21:00-dan səhər 05:00-dək qüvvədə olacaq.

Məktəblərdə bütün Türkiyə ərazisində ibtidai və 8-12-ci siniflərdə tədris başlayacaq.

Aşağı və orta riskli vilayətlərdə digər mərhələlərdə də tədrisə başlanacaq. Yüksək və çox yüksək riskli vilayətlərdə təkcə lseylərdə üz-üzə imtahanlar olacaq.

Bütün Türkiyə ərazisində əhali normal iş saatlarına qayıdacaq.

65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlarla bağlı tənzimləmə aşağı və orta riskli vilayətlərdə ləğv edilir.

Türkiyənin təhsil naziri Ziya Səlcuq təhsil məhdudiyyətlərinin ləğvi ilə bağlı açıqlama verib:

“Martın 2-dən pandemiya şərtlərinə görə, məktəbəqədər təhsil müəssisələrində, ibtidai məktəblərdə, 8-12-ci siniflərdə əyani tədris başlayır”.