Toylar bu qaydada bərpa edilsin - Deputatdan MÜHÜM TƏKLİF

2 Mart 2021 12:33 (UTC+04:00)

"Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidemioloji qaydaların icrasına nəzarəti gücləndirməklə, digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

O vurğulayıb ki, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədəuyğun olardı: "Toy mərasimlərinin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılmaya gedilmir. Daha yaxşı olardı, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımından da vacib hesab olunur".

V.Bayramovun sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir: "Buna görə də, iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsinə, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".

Akqabay