Bakının mərkəzində əməliyyat - Narkotacir tutuldu - FOTO/VİDEO

2 Mart 2021 12:48 (UTC+04:00)

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Hikmət Qurbanov saxlanılıb.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üzərinə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı müəyyən olunub ki, Hikmət Qurbanov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələrin Bakı şəhərinə gətirilməsinə köməklik edib. Saxlanılan şəxs həmin xarici ölkə vətəndaşının göstərişi ilə narkotik maddələri paytaxtın müxtəlif yerlərinə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. H.Qurbanov tutularaq istintaqa cəlb olunub.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.