Bu şəxslərin də mirasda məcburi pay hüququ var - QƏRAR

2 Mart 2021 14:34 (UTC+04:00)

Konstitusiya Məhkəməsi Plenumu mirasda məcburi pay hüququ olan şəxslərlə bağlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mülki Məcəllə 1193-cü maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Ombudsman Aparatının Elmi-Analitik sektorunun müdiri M.Məmmədov və Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər - Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi R.Eyvazov tərəfindən təqdim edilmiş mülahizələri və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Mülki Məcəllənin 1193-cü maddəsi Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.

Mülki Məcəllənin 1159-cu və Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq, Mülki Məcəllənin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.

Qeyd edək ki, Mülki Məcəllənin 1193-cü maddəsində vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Yeni qərarla bu şəxslərin sırasına övladlığa götürülənlər və övladlığa götürənlər də daxildir.