Xudafərin gömrük postu açıla bilər

4 Mart 2021 13:16 (UTC+04:00)

Pandemiya ilə bağlı konkret olaraq idxal əməliyyatlarında qadağalar demək olar ki, yoxdur.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. Komitə sədri bildirib ki, tibbi vasitələrin gətirilməsində bəzi rüsumlar qoyulub ki, bu da yerli idxalın artması ilə əlaqədardır: "Eyni zamanda, ölkədən tibbi məhsulların ixracında bəzi məhdudiyyətlər tətbiq olunub".

S.Mehdiyev qeyd edib ki, yaxın zamanda elektron ticarətdə vətəndaşların işinin asanlaşdırılması üçün tək bəyannamənin yazılmasına başlanılacaq: "İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində, eyni zamanda tranzit hərəkətlər istiqamətində işlər davam edir. Hazırda Naxçıvanla, eyni zamanda Ermənistanla sərhəd keçid məntəqələri istiqamətində layihələr hazırlanır. Bu, region üçün ən ekonomik dəhlizlərdən biridir. Hazırda danışıqlar aparılır. Bu sahənin istiqaməti müəyyən olunduqdan sonra yeni postlar açılacaq. İranla postun açılması ilə bağlı fikirlər söylənildi. Komissiyanın və hökumətin verdiyi qərarlardan sonra İranla da postun açılması ehtimalı var. Bu, Xudafərin keçid qapısı ola bilər. Hazırda konkret zaman demək mümkün deyil".