Heç bir siyasi qurumla problemimiz yoxdur - İlham Əliyev

5 Mart 2021 18:30 (UTC+04:00)

Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu.

Publika.az xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

“Demək olar ki, bütün partiyalar arasında, - bir siyasi, özünü siyasi qurum adlandıran antimilli şuranı əgər biz istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan. Çünki mənim yadımdadır, 90-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bunlar bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi. Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var nəinki Azərbaycanda. Bir-birini indi didirlər, necə deyərlər, başqa məsələnin mövzusudur. Ancaq biz buna nail olduq. Qısa müddət ərzində yenə də sadəcə olaraq baxdıq ki, hansı fundamental ziddiyyətlər var. Harada biz, necə deyərlər, bir-birimizlə razılığa gələ bilmirik. Belə qərara gəldik ki, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir, necə deyərlər, fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir”, - Prezident bildirib.

"Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna necə deyərlər fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir lider olaydı. Həmin bu demokrat bütün müxalifəti həbs etdirdi. Əgər 27-si sentyabrda müharibə başlamasaydı o, onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi. Cinayət işləri. İndi özünü orada bir müxalifət lideri adlandıran bir adam var, o da keçmişdən qalan naftalindən çıxarıblar onu, onu da indi çağırıblar, ona da ölkədən çıxmağa qadağa qoyublar. Budurmu demokratiya? İndi Qərb buna göz yumur o öz yerində. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Yəni, artıq heç bir ikinci fikir ola bilməz. Ona göz yumur, o təbiidir. Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin. Öz zibilini yalasın. Adam qalmayıb Ermənistanda ki, onu lağa qoymasın. Hansısa adlar veriblər indi özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq. Bizi əsas vəzifəmizdən çəkindirmək ki, başımız qarışsın, başımız qarışsın daxili çəkişmələrə, başımız qarışsın bax bu əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkindirsin ki, işğal edilmiş torpaqlar əbədi ermənilərin əlində olsun. Bu idi məqsəd. Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Onlar kimi iyrənc bəlkə də Azərbaycan tarixində insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik", - dövlət başçısı söyləyib.