Bu, bizim üçün böyük məsuliyyətdir - YAP İdarə Heyətinə seçilən deputatlar DANIŞDI

5 Mart 2021 18:48 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. Əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.

Yeni İdarə Heyətində yer alan deputatlardan bir neçəsi qurultayla bağlı təəssüratlarını Publika.az-la bölüşüblər.

Millət vəkili Azər Badamov bildirib ki, YAP-ın qurultayı çox işgüzar və gözəl şəkildə keçirilərək, başa çatıb: "Partiyamızın növbəti qurultayında İdarə Heyətinə üzv seçilməyimə görə, YAP-ın rəhbərliyinə, qurultay iştirakçılarına öz dərin minnətdarlığımı bildirirəm. Bu, mənə göstərilən böyük etimaddır və bu etimadı da öz fəaliyyətimlə doğrultmağa çalışacağam. Qurultayımız ölkə Prezidentinin iştirakı ilə keçirildi. Çünki dövlət başçısı həm də partiyamızın sədridir. O, qurultayda videoformatda çox geniş, əhatəli və məzmunlu şəkildə çıxış etdi. Həm ötən dövrdə keçilən yola toxundu, həm də qarşıdakı vəzifələr, hədəflər, perspektivlərlə bağlı fikirlərini səsləndirdi".

Deputatın sözlərinə görə, Prezidentin çıxışında həm də yeni çağırışlar, yeni tələblər vardı: "Ölkəmizdə illərdir ki, hər bir sahədə genişmiqyaslı islahatlar prosesi aparılır. Yeni Azərbaycan Partiyası da təbii ki, ölkənin ən güclü, bir saylı partiyası kimi bu proseslərdə yaxından iştirak edir. Amma bununla belə, qarşıya qoyulan növbəti hədəflərə çatılmasında, yeni çağırışlara cavab verilməsində YAP daha da fəal rol almalı, ən əsası, ölkə Prezidentinin çağırışları ilə ayaqlaşmalıdır. Hesab edirəm ki, YAP yeni çağırışlara da zamanında cavab verəcək, qarşısına qoyulan bütün hədəflərə çatacaq”.

Millət vəkili Hikmət Babaoğlu da fikirlərini saytımızla bölüşüb. O bildirib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir: "Çünki YAP ümumxalq, eyni zamanda hakim partiyadır. Bu mənada onun ictimai-siyasi münasibətlər sistemimizin keyfiyyətinə böyük təsiri var. YAP-ın sədri Prezident İlham Əliyev partiyanın VII qurultayında çıxış edərək qurultayın keçirilməsi səbəblərindən danışdı və yeni tarixi mərhələdə qarşımızda duran milli çağırışlar və onların həyata keçirilməsində ölkə siyasi sisteminin aparıcı partiyalarından olan YAP-ın yeri, rolu və funksiyalarını qeyd etdi. Eyni zamanda, partiyanın gələcək fəaliyyəti ilə bağlı konseptual və əsaslara söykənən fikirlərini səsləndirdi".

H.Babaoğlu qeyd edib ki, qurultayda YAP-ın idarəetməsində təkmilləşdirmə aparılıb, 40 nəfərdən ibarət yeni İdarə Heyəti seçilib, Siyasi Şura ləğv edilib ki, bu da YAP-ın daha çevik və səmərəli qərarlar qəbul etməsi, o cümlədən öz fəaliyyətini daha operativ əsaslarda qurması üçün onu vacib quruma çevirdi: "YAP bir daha göstərdi ki, ölkənin ictimai-siyasi həyatında, siyasi proseslərin qarşılıqlı şəkildə inteqrasiya olunmasında və milli maraqların önə çəkilməsində maraqlıdır. Ölkəmizdə hazırda mövcud olan siyasi dialoqun dərinləşməsində və siyasi sistemin bütün resurslarının milli maraqlar ətrafında səfərbər olunması istiqamətində addımlar atır. Qurultayda mühüm hadisələrdən biri də 6 siyasi partiyanın YAP-a birləşməsi ilə bağlı qərar oldu. Azərbaycan siyasi sistemində belə bir tendensiya var idi, növbəti bu cür qərarın qəbul olunması bir daha onun göstəricisidir ki, 90-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi formalaşarkən milli məsələlərin realizə olunmasını fəaliyyət proqramlarının əsasları hesab edərək yaranan siyasi təşkilatlar artıq o milli məsələlərə YAP vasitəsilə çatdığını qəbul edir. Çünki 90-cı illərin əvvəllərində siyasi sistemimizə daxil olan siyasi təşkilatların böyük əksəriyyətinin məqsədi ölkəmizin inkişafı, onun ərazi bütövlüyünün təmin olunması idi ki, bunu bu gün YAP edib, belə bir mühüm tarixi uğura imza atıb. Bu da o partiyaların YAP-a birləşməsinə gətirib çıxardı. Bu qurultay YAP-ın bundan sonrakı fəaliyyəti ilə bağlı əsas istiqamətləri müəyyənləşdirmiş oldu".

Deputat Ramin Məmmədovun sözlərinə görə, partiyanın qurultayı təkcə Yeni Azərbaycan Partiyasının tarixində deyil, ölkəmizin tarixində də yeni səhifənin açılması deməkdir: "Cənab Prezidentin qurultayın açılışında söylədiyi proqram xarakterli çıxışını həm ölkənin, həm də partiyanın gələcək fəaliyyətinə dair kifayət qədər dərin və məzmunlu, çoxşaxəli tapşırıq və tövsiyələrini partiya üzvləri və qurultay iştirakçıları diqqətlə dinlədi. Bu tövsiyə və tapşırıqlar partiyanın İdarə Heyətinin yeni seçilmiş üzvlərinin gələcək fəaliyyətinə dair yol xəritəsi kimi də qəbul olunmaqdadır. Şəxsən mən İdarə Heyətinin üzvü olaraq cənab Prezidentin açılış nitqində səsləndirdiyi məqamları partiyanın gələcək fəaliyyətində yol xəritəsi kimi qəbul edirəm və həmin yol xəritəsinə uyğun olaraq da öz fəaliyyətimi qurmağa çalışacağam. İdarə Heyətinə üzv seçilmək böyük bir məsuliyyətdir. Odur ki, sonrakı addımlarımıza daha böyük əzm və məsuliyyətlə yanaşacağıq. Təbii ki, bu, bizə göstərilən böyük etimaddır. İnanırıq ki, bu etimadı doğrulda və əlimizdən gələn işləri layiqli şəkildə yerinə yetirə biləcəyik”.

Akqabay Mıradov