Prezidentin xalqa verdiyi MESAJLAR - Cavid Osmanov YAP-ın qurultayından danışdı

6 Mart 2021 17:08 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası təkcə ölkənin ən böyük siyasi partiyası deyil, o cümlədən, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Bu baxımdan YAP-ın növbəti Qurultayının keçirilməsi, bütövlükdə, bölgədə diqqətli izlənilirdi. Çünki YAP, eyni zamanda, Azərbaycanda hakim partiyadır.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, Yeni Azərbaycan Partiyasının Qurultayında bir sıra dəyişiklik və yeniliklər açıqlandı: “İlk dəfə yeni Nizamnamə təsdiq edildi və buna uyğun olaraq yeni struktur dəyişikliyi olundu. Həm rəhbər heyət, həm də İdarə Heyəti yeniləndi. Siyasi Şura ləğv edildi. Burada maraqlı məqam ondan ibarətdir ki, 35 nəfərdən ibarət Veteranlar Şurası quruldu. Ən vacib məqam isə 6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü ilə çıxışı idi. Qurultayda bu təşəbbüs yüksək qiymətləndirildi. Bu təşəbbüs Prezident İlham Əliyevin 17 illik rəhbərliyi müddətində həyata keçirdiyi nəhəng layihələr, ölkəmizin inkişafının, iqtisadiyyatının yüksəldilməsi və şaxələndirilməsi, 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsinin nəticəsidir. Bunu ölkədə aparılan siyasi islahatlar, siyasi dialoq mühitinin genişləndirilməsi və xalqımızın birliyinin təntənəsi kimi də qiymətləndirmək olar”.

Millət vəkili Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin qurultaydakı çıxışına da toxunub: “Cənab prezident bir sıra vacib məqamlara toxundu. Bölgədə Azərbaycan tərəfindən yaradılmış yeni reallıqlar, həmçinin ölkəmizin həyatındakı müsbət dinamik addımlar və qarşıda duran vəzifələr qeyd olundu. Prezident birmənalı şəkildə ölkənin uğurlarından danışdı və Vətən müharibəsindəki parlaq qələbəmizi vurğuladı. Əlbəttə ki, bunun kökündə 17 illik siyasi fəaliyyət dayanıb: ölkədə sabitlik, əmin-amanlığın bərqərar olması, Azərbaycan vətəndaşlarının sosial rifah halının ölkənin iqtisadiyyatı gücləndikcə artırılması, iqtisadiyyatımızın dayanıqlılığının yüksəldilməsi, Azərbaycanın nəhəng layihlərə imza atması, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi, ordu quruculuğu və bununla bərabər gənc nəslin vətənpərvər ruhda böyüməsi və sair. İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən “Güclü və qüdrətli Azərbacan qurmaq” konsepsiyasını əsas hədəf kimi qoymuşdu. Əminliklə söyləyə bilərik ki, artıq bu konsepsiya reallaşıb. Bunun məntiqi nəticəsi də Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Həm ordu quruculuğu, həm Azərbaycanın əsgər və zabitlərinin döyüşlərdəki şücaəti, həm də informasiya, diplomatik mübarizələrdə prezidentin rəhbərlik etməsinin əsasında Azərbaycan xalqının prezidentin ətrafında birləşməsi dayanıb”.

C.Osmanov Prezidentin bəhs etdiyi yeni reallıqları da xatırladıb: “Dövlət başçısı siyasi mühitin yaxşılaşdırılması istiqamətində atılan addımların vacibliyini vurğuladı. Bunun coğrafiyasının genişləndirilməsini isə hədəf müəyyən etdi. Çünki burada əsas məqsəd Azərbaycan xalqının birliyidir. Prezident xalqa çatdırdı ki, biz nə qədər həmrəy olsaq, qarşıda duran hədəflərə daha tez çata bilərik. Azərbaycanın inkişafını daha sürətli apara bilərik. Burada demokratik prinsiplərin inkişaf etdirilməsini də bunun tərkib hissəsi kimi qiymətləndirə bilərik.

Digər tərəfdən, Azərbaycanın qarşısında duran hədəflərdən biri də Qarabağda yenidənqurma işlərinin həyata keçirilməsidir. Bu baxımdan, güclü və qüdrətli Azərbaycanı növbəti mərhələdə bütün dünyaya sübut etməliyik və oradan qaçqın düşmüş vətəndaşlarımızı layiqli həyat tərzi quraraq geri qaytarmalıyıq”.

Zümrüd