Rusiya ABŞ-dakı səfirini geri çağırdı - QƏRAR VERİLƏCƏK

18 Mart 2021 05:02 (UTC+04:00)

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”, deyə M.Zaxarova vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden “ABC” telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da prezident seçkilərinə "müdaxilənin əvəzini ödəyəcəyini" söyləmişdi. Bayden yanvar ayında rus həmkarını mümkün nəticələr barədə "xəbərdar etdiyini" bildirmişdi.

Xatırladaq ki, martın 16-da ABŞ Milli Kəşfiyyat Direktorunun ofisi Moskvanın Donald Trampın yenidən seçilməsinə kömək etmək, Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətinə "nifaq toxumu səpmək" cəhdində günahlandırıldığı elan etmişdi. Sənədə görə, bu əməliyyatların “bir qrup Rusiya hökumət təşkilatı” tərəfindən həyata keçirildiyi iddia edilir.